
Ötən əsrin 90-cı illərinin sonlarında hər bir vətəndaşa əvəzsiz olaraq verilən 4 çekdən ibarət özəlləşdirmə paylarının tədavül müddəti dayandırılsa da, yüzminlərlə insan hələ də bu çekləri saxlayır və nə zamansa yenidən işə yaracağına ümid edirlər. Azərbaycan İnvestisiya Holdinqinin yaradılması, əksər dövlət qurumlarının Holdinqin tərkibinə verilməsi, bəzi dövlət müəssisələrinin özəlləşdirilməyə çıxarılması ilə bağlı öhdəlik götürməsi özəlləşdirmə çeklərinin tədavül müddətinin yenidən uzadılacağı ilə bağlı ümidləri artırıb. Özəlləşdirmə çeklərinin insanların haqqı olduğuna inanan çek sahibləri hüquqlarının bərpası üçün bir sıra çağırışlarla aktivlik göstərirlər.
Bu baxımdan yüz minlərlə ailənin mənafeyini ifadə edən “Özəlləşdirmə Çekləri Qrupu” imzası ilə Prezident İlham Əliyevə müraciət ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:
https://www.facebook.com/groups/668471343515846/posts/1577668382596133
Konstitusiya Məhkəməsinə göndərilən Şikayət Məktubu ilə də tanış ola bilərsiniz:
https://www.facebook.com/411723382563138/posts/1365259420542858/
Milli Məclisin sədri Sahibə Qafarovaya müraciətlə tanış ola bilərsiniz:
file:///C:/Users/Dell/Downloads/Milli%20M%C9%99clisin%20S%C9%99drin%C9%99.pdf
Sitat TV-nin “Canlı Polemika” verilişində problemə hüquqi tərəfdən yanaşılıb:
Mövzu ilə bağlı sabiq deputat Gülər Əhmədova Qafqazaz.com-a açıqlamasında bildirib ki,
“Qanuna görə, özəlləşdirməyə çıxarılacaq dövlət əmlakının 65 faizi Azərbaycan vətəndaşlarına məxsusdur. Bundan başqa, hər bir özəlləşdirmə payı üçün inflyasiyadan qorunan konkret məbləğ müəyyən olunub. Dövlət Əmlak Komitəsinin 1996-cı il tarixli 222 saylı əmrinə əsasən, bir özəlləşdirmə payının qiyməti inflyasiyadan qorunmaqla minimum 2000 ABŞ dolları əmlak ekvivalentində nəzərə alınmışdı. Bir sistemdən digər sistemə keçid edən ölkəmizdə hər biri dörd paydan ibarət olmaqla vətəndaşlara paylanan özəlləşdirmə çekləri “Qiymətli kağızlar haqqında” Qanunla tənzimlənirdi. Həmin qanunda isə açıq şəkildə qeyd olunurdu ki, qiymətli kağızlar üçün tədavül müddəti nəzərdə tutulmayıb. Yalnız pay sahibi olan şəxsin arzu və istəyi əsasında vauçerlər satışa çıxarıla, könüllü şəkildə digər şəxsə hədiyyə oluna bilər. Hesab edirəm ki, özəlləşdirmə çekləri ilə bağlı problem indiki kimi öz aktuallığını qoruyub saxlasa, vətəndaşlar istədikləri nəticəni tezliklə əldə edə biləcəklər. Nəzərə almaq lazımdır ki, sosial şəbəkələrdə bu problemlə bağlı vətəndaşlar şikayətlərinə və ictimai nüfuzlu şəxslərin çağırışlarına tez-tez rast gəlmək mümkündür. Vətəndaşları narahat edən bu problemin tezliklə həll olunacağına inanıram. Əgər mövzu parlamentdə müzakirəyə çıxarılarsa, vətəndaşların hüququ daha yaxşı qorunacaq. Bu baxımdan parlamentin iclaslarında deputatlar aktivlik nümayiş etdirməli və məsələnin daha da qabardılmasına təkan verməlidirlər”.
Sosioloq Elçin Bayramlı öz növbəsində qeyd edib ki, o vaxtı vətəndaşlar ölkənin ümumi sərvətindən öz paylarına düşəni ala bilmədilər:
“Son vaxtlar çeklərlə bağlı çağırışların artması müşahidə olunur. Çünki o vaxt özəlləşdirmə çekləri ilə bağlı aparılan proses ədalətli olmayıb. Nəticədə adi vətəndaşların böyük əksəriyyəti heç bir şeyi özəlləşdirə bilmədi, ölkənin özəlləşdirməyə çıxarılan bütün əmlakı bir qrup vəzifəli və imkanlı şəxslərin əlində cəmləndi. Məlum olduğu kimi, sosialist respublika dövründə respublikanın bütün mülkiyyəti vətəndaşları ümumxalq əmlakı sayılır. Kapitalizmə keçəndə də bu əmlak vətəndaşlar arasında bərabər bölünməli idi. Lakin bu proses tamamilə ədalətsiz formada aparıldı. Beləliklə, ümumxalq mülkiyyətinin vətəndaşlara bölünməsi prosesi tam iflasa uğradı. Çeklərin dəyəri qəpik quruşa endi və kampaniyanın vaxtı bitdiyindən bir çox çeklər istifadə olunmadan əllərdə qaldı. Bir çoxu isə məcbur olub həmin çekləri bir neçə manata satmalı oldular. Nəticədə xalqın ümumi əmlakından xalqa demək olar ki, heç nə çatmadı. Bu isə kobud hüquq pozuntusudur və vətəndaşların pozulmuş hüquqları, ədalət hansısa formada bərpa olunmalıdır. O vaxtkı özəlləşdirmə kampaniyasında heç nə əldə etməyənlərin siyahısı tutulmalı, onlara özəlləşdiriləcək dövlət əmlakından səhmlər formasında hissə verilməlidir. Hazırda demək olar ki, ölkədəki bütün obyektlər və əmlaklar hüquqi və mənəvi olaraq vətəndaşlarındır. Relda isə bütün bu əmlak bir qrup şəxsin mülkiyyətinə çevrilib. Bu baxımdan, o vaxtı baş verən boşluqlar təkrarlanmamalı və vətəndaşların hüquqları bərpa olunmalıdır”.
Vətəndaşların millət vəkillərinə göndərdiyi məktubdan danışan deputat Azər Badamov isə öz növbəsində bildirib ki, problemin həlli arzuolunandır:
“1996-cı il yanvarın 1-dən ulu öndər Heydər Əliyevin fərmanına əsasən, Azərbaycanda özəlləşdirmə çekləri dövriyyəyə buraxılıb və daha sonra tədavül müddəti bir neçə dəfə rəsmi şəkildə uzadılıb. Sonuncu dəfə isə 2009-cu il tarixində tədavül müddəti artırılaraq 2011-ci il yanvar ayının 1-də başa çatıb. Bundan sonrakı dönəm üçün çeklərin yenidən tədavülü dövlət tərəfindən atılacaq addımlara bağlıdır”.




