Azərbaycanın qəhrəman həkimi: Şəhidimizi tanıyaq!

30

Şəhidlik – Vətən, torpaq, millət yolunda öz istəyi ilə canından keçməyə razı olan insanların fəth etdiyi ən yüksək, şərəfli zirvədir. Şəhidlər xalqın azadlığını canı ilə qazanıb, qanı ilə yazanlardır. Onların canı, qanı hesabına qazandıqları azadlıq və müstəqillik xalq tərəfindən heç vaxt unudulmur.

mobilmedia.az xəbər verir ki, bu cür şəhid olan qəhrəman həkimlərdən biri də Tariyel Salmanovdur. Bu barədə məlumat “facebook”dakı “Azerbaycan hekimleri” səhifəsində yerləşdirilib. Həkim Tariyel Salmanov 1988-ci il 7 fevralda Ağcabədi rayonunun Kəhrizli kəndində anadan olub. 1994-2005-ci illərdə Kəhrizli kənd orta məktəbində təhsil alıb. Daha sonra 2006-cı ildə Azərbaycan Dövlət Tibbi Universitetinin “Stomatologiya” ixtisasına qəbul olub, 2011-ci ildə universiteti müvəffəqqiyyətlə bitirib. Həmin ilin oktyabr ayından 2013-cü ilin aprel ayına qədər Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində hərbi xidmət keçmiş, tibb xidmətini leytenant rütbəsi ilə tamamlayıb. Hərbi xidməti bitirdikdən sonra 2014-cü ilin fevral ayında Həkimlərin Mərkəzləşdirilmiş İşə Qəbulu imtahanından iki mərhələni uğurla adlayaraq, Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında həkim-stomatoloq ixtisası üzrə əmək fəaliyyətinə başlayıb.

Tariyel Salmanov müxtəlif illərdə ölkədə və Türkiyə, BƏƏ, digər xarici ölkələrdə keçirilən ixtisasartırma kurslarında, seminarlarda və konfranslarda iştirak edib. O, qısa zaman ərzində öz həkim fəaliyyəti ilə Ağcabədi sakinlərinin rəğbətini qazanıb. T. Salmanov həmişə peşəkarlığı və yardımsevərliyi ilə xəstələrinin sevgisini qazanıb. Xəstələr arasında xüsusilə azyaşlı uşaqlar həkimin qəbuluna qorxmadan, çəkinmədən müayinə üçün gəliblər. Xəstələrinə daim yardım etməyə hazır olan, öz işini sevən və peşəsinə vicdanla yanaşan Tariyel Salmanov 2020-ci il 29 sentyabrda qismən səfərbərlik elan olunarkən SHXCDX-nin Ağcabədi rayon İdarəsi tərəfindən yenidən hərbi xidmətə cəlb olunub. Müharibə zamanı da öz peşəsinə sadiq qalaraq, düşmənin silahlı hücumu nəticəsində yaralanan əsgərlərimizə yerində ilkin tibb yardım göstərib. O, 60-dan çox yaralı əsgəri qucağında və çiynində tibb məntəqələrinə təxliyyə edib. Tariyel Salmanov bir çox əsgər və həbri qulluqçuların həyatda qalmasına nail olub. Buna baxmayaraq, 2020-ci il oktyabrın 7-dən 8-ə keçən gecə Azərbaycanın öz torpaqlarını işğalçı Ermənistandan azad etmək uğrunda aaprdığı döyüşlərdə qəhrəmancasına həlak olub və şəhidlik zirvəsinə ucalıb.

Tariyel Salmanov ailəli idi və 1 qız övladı var. Ən böyük arzusu qızı Ləmanı həkim kimi görmək idi. O, həmişə “Qızım mənim, Ləman həkim. Sən artıq 10-cu sinifdə mənə asisstantlıq edəcəksən” deyərdi. Nə qədər acı və ağrılı olsa da, təəssüf ki, doğma Tariyel həkim bunu görə bilməyəcək. Əminik ki, sənin bu arzun çin olacaq.

Tarix yazanlar sırasında olduğun üçün Azərbaycan xalqı səninlə qürur duyur! Adın daim ucalsın, Qəhrəman! Sən daim Azərbaycan xalqının ürəyində yaşayacaqsan!

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz:

055-212-35-55 WHATSAPP

 

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin