
İsraildə koronavirus epidemiyasının ikinci dalğası başlayıb.
Buna görə də, təqribən bir ay sonra ölkə gündə minlərlə yeni COVİD-19 yoluxması və yüzlərlə ölümlə üzləşə bilər.
Virtualaz.org “The Times of İsrael” nəşrinə istinadən bildirir ki, SAXAL hərbi kəşfiyyat idarəsi ilə Səhiyyə Nazirliyinin birgə fəaliyyət göstərdiyi COVİD-19-la mübarizə üzrə milli informasiya mərkəzinin hesabatında belə deyilir.
Kəşfiyyat orqanının məlumatına görə, epidemiyanın böyüməsi iyulda minlərlə yeni yoluxmanın və yüzlərlə ölüm faktının aşkarlanmasına gətirib çıxaracaq.
“İkinci dalğa xarakterinə görə birincidən fərqlənəcək. Amma ciddiliyi azalmayacaq. Yoluxmanın hazırkı potensial artımı yenidən ümummilli karantinin tətbiqinə səbəb olacaq”,- deyə məlumat mərkəzindən xəbərdarlıq edilib.
SAXAL və Səhiyyə Nazirliyi vətəndaşların maska taxmamalarından və digər gigiyenik qaydalara məsuliyyətsiz yanaşmalarından narahatdırlar.
Son günlər sutka ərzində yoluxanların sayı 200-300 arasında dəyişir. Halbuki mayda bu rəqəm cəmi 20 idi.
Səhiyyə Nazirliyi iyunun 21-də COVID-19 xəstələrinin qəbulu üçün bütün ixtisaslaşdırılmış şöbələri açmağa hazır olduğunu elan edib.
Baş nazir Binyamin Netanyahu isə iyunun 21-də maska taxma və sosial məsafə tələblərinə riayət edilməyəcəyi təqdirdə, hökumətin tam fövqəladə vəziyyət elan etməyə hazır olduğu barədə xəbərdarlıq edib.




