
“Bölgələrdə fərdi ev, villa (hovuzlu) kirayələmək istəyənlər maksimum ehtiyatlı olun. Bazarda “moşşeniklər” var”.
Bu barədə Ölkə.Az-a jurnalist Elvin Dəmirli məlumat verib. O deyib ki, bəzi şəxslər instaqram və tiktok kimi sosial şəbəkələrdə səhifələr yaradaraq insanları cəlb edirlər.
“Qəbələdə, İsmayıllıda və s. bölgələrdə kirayə evlər verdiklərini deyərək insanları aldadırlar. Beh kimi isə onlardan adətən 100 AZN tələb edirlər. Ödəniş edildikdən sonra isə həmin adamları tapmaq olmur. Azı 4-5 tanışım bu cür dələduzların qurbanı olub” , – deyə o söyləyib.

Bəs bu cür dələduzluq hallarından qorunmaq üçün nə etməliyik?
Mövzu ilə bağlı Ölkə.Az-a danışan daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev bu cür halların avqustun sonu sentyabrın əvvəlində artdığını söyləyib:
“İnternet platformaları üzərində olan elan saytlarında daim müşahidə edirik ki, fırıldaqçı şəxslər yalançı elan verərək vətəndaşları aldadırlar. Bu daha çox avqust ayının sonu sentyabrın əvvəlində baş verir. Bölgələrdə olan tələbələr və yaxud da onların valideynləri elan saytlarından ev taparaq zəng vururlar. Vətəndaşa “evə müştəri çıxıb, beh göndər, saxlayım” deyirlər. Bu minvalla vətəndaş da beh göndərir, bəzi hallarda isə evin pulunu tam şəkildə ödəyirlər. Daha sonra isə nömrəyə zəng çatmır. Bu cür hallar mütəmadi olaraq davam edir.

Həmçinin bağ evləri ilə bağlı bölgələrdə də bu cür hallar yaşanır. Ona görə də yaxşı olar ki, vətəndaşlar hər hansı bir bağ evi, hotel və s. bu tip evlər seçərkən rəsmi şirkətlərə müraciət etsələr, daha yaxşı olar. Yaxud da baxıb görmədən, fotolara inanaraq pul vermələri də düzgün deyil. Çox hallarda müşahidə olunur ki, elan saytlarında evlərin fotoları paylaşılır, şəxs evin pulunu ödəyir və daha sonra evə köçəndə bəlli olur ki, bu həmin fotodakı ev deyil və yaxud da foto evin illər əvvəl yaxşı vəziyyətdə olanda çəkilən şəklidir. Evin təmiri və əşyaları öz istismar müddətini bitirib, yararsız vəziyyətdədir”.
Ekspertin sözlərinə görə, vətəndaşlar pulu onlayn şəkildə ödəyəcəkləri təqdirdə qarşı tərəfdən sənədlərin fotosunu tələb etməlidirlər:
“Bununla bağlı vətəndaşlar aidiyyəti qurumlara, polisə müraciət edə bilərlər. Qarşıdan tələbələrin Bakıya axını gəlir. Bu baxımdan tələbələr və onların valideynləri də tanımadıqları bilmədikləri və görmədikləri evə pul ödəməsinlər. Hətta hər hansısa bir evə gəlib vasitəçi ilə baxarlarsa, mütləq şəkildə ev sahibi ilə görüş tələb etsinlər. Beh və yaxud da evin pulu tam şəkildə evin sahibinə ödənsə yaxşıdır.
Digər sahələrdə də insanlar bu cür addı atmalıdırlar. Həmçinin turistik zonalard “bağ evi kirayəsi” adı ilə elan verən fırıldaqçılar mütəmadi olub. Bu cür insanların toruna düşməmək üçün yaxşı olar ki, evə gedib baxdıqdan sonra pulunu ödəsinlər. Təbii ki, insanlar rahatlıq üçün evi getməzdən əvvəl rezervasya etməyə çalışırlar. Bu baxımdan tədbirli olsalar, yaxşı olar. Pul göndərsələr belə onun mobil nömrəsini, şəxsiyyət vəsiqəsinin surətini tələb etsinlər. Qarşı tərəf əgər fırıldaqçıdırsa, rəsmi sənədəri o şəxsə göndərməyəcək və yaxud da göndərdiyi kart hesabı mütləq şəkildə həmin adamın adına olmalıdır. Şəxsin təqdim etdiyi məlumat öz adına olarsa və qarşı tərəfi aldadarsa bu halda polis müracit edərək onu tapmaq mümkündür. Belə olan halda aldadılan şəxs də pullarını geri ala bilər”.
Qeyd edək ki, Daxili İşlər Nazirliyi vətəndaşlara tanımadıqları şəxslərə onlayn ödəniş etməmək, ev kirayələyən zaman özünü vasitəçi kimi təqdim edən şəxslərə birbaşa ödəniş etməmək barədə dəfələrlə xəbərdarlıq edib.



