
16 iyun 2023-cü il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Dədə Qorqud Milli Fondu – “Azərbaycan Dünyası” Beynəlxalq Dərgisi xanəndə, bəstəkar, Azərbaycanın Xalq Artisti Məmmədbağır Bağırzadəyə həsr olunmuş tədbir keçirilib.
mobilmedia.az xəbər verir ki, tədbirin əvvəlində Məmmədbağır Bağırzadənin ifasının lent yazısı səslənib. Ustad sənətkar Məmmədbağır Bağırzadənin ifasından 200-dən çox mahnı, təsnif, muğam yadigar qalıb. Gözəl ifaları ilə oxuduğu hər bir mahnıya öz dəsti-xəttini həkk etdirmiş, neçə-neçə Azərbaycan şairinin qəzəl və şerinə musiqi həyatı vermişdir. Dinləyicisi onu gözəl xanəndə kimi sevib və unutmayıb.
31 may 2023-cü il tarixində tanınmış müğənni, bəstəkar, Azərbaycanın Xalq artisti Məmmədbağır Bağırzadə Dədə Qorqud Milli Fondu, Azərbaycan Dünyası Beynəlxalq dərgisi və Dünya Azərbaycanlılarının qərarı ilə Azərbaycanın mədəniyyət və incəsənət aləmində göstərdiyi misilsiz xidmətlərə görə Türk dünyasının mükafatı olan “Vətən övladı” ordeni ilə təltif olunub.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova tədbiri giriş sözü ilə açıb. Tədbirin aparıcısı, muzeyin direktor müavini Təranə Zeynalova Məmmədbağır Bağırzadənin yaradıcılığı haqqında ətraflı danışmışdır. Daha sonra söz Dədə Qorqud Milli Fondunun rəhbəri, “Azərbaycan Dünyası” Beynəlxalq jurnalının təsisçisi və baş redaktoru Eldar İsmayılova verilib.
Tədbirdə Məmmədbağır Bağırzadənin oğlu Rahim Bağırzadə, onun sənət dostları, tanınmış musiqiçi və müğənnilər sənətkarın ifaçılıq sənəti haqqında danışmış, xatirələrini bölüşüb, xanəndənin bəstələdiyi mahnıların videoyazıları səslənib.














