
Artıq bir müddətdir ki, özəlləşdirmə çekləri ilə bağlı problem qabarıq şəkildə özünü büruzə verməkdədir. Hələ ki, problemin həlli ilə bağlı rəsmi qurumlar tərəfindən açıqlama verilməsə də, çek sahibləri gec və ya tez hüquqlarını bərpa edən qərarın qəbul ediləcəyinə inanırlar. Bununla yanaşı, çek sahibləri və eyni zamanda ictimai nüfuzlu əksər şəxslər çağırışlar etməyə də davam edirlər. Belə ki, ötən il əlində özəlləşdirmə çekləri qalan yüzminlərlə vətəndaş baş nazir Əli Əsədov, ədliyyə naziri Fikrət Məmmədov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, Milli Məclisin sədri Sahibə Qafarova və parlament üzvlərinə açıq məktub yazaraq müraciət ediblər.
Müraciətlə aşağıdakı linklər vasitəsilə tanış ola bilərsiniz:
Özəlləşdirmə çeki sahiblərindən müraciət: Milli Məclisdən xahiş və tələb olunur
Özəlləşdirmə çekləri ilə bağlı Baş nazirə açıq məktub
Özəlləşdirmə çeki sahibləri NAZİRLƏRƏ MÜRACİƏT etdi – Açıq Məktub
Eyni zamanda əlində çekləri qalan yüz minlərlə vətəndaş haqlarının geri qaytarılması üçün ölkə başçısı İlham Əliyevə açıq məktub ünvanlayıblar. Sözügedən məktubla tanış ola bilərsiniz:
https://www.facebook.com/groups/668471343515846/permalink/1495607760802196/
Qeyd edək ki, 1996-cı ildə ulu öndər Heydər Əliyev tərəfindən 1997-ci ilədək anadan olmuş bütün ölkə vətəndaşlarına miras əmlak payı olaraq özəlləşdirmə çeki verilib. Qanunla miras Əmlak Payı – mülkiyyət hüququnu təsdiq edən sənəd kimi Özəlləşdirmə Çekləri dövlət qiymətli kağızı kimi birincili olaraq yerləşdirildiyindən sonra bütün özəlləşdiriləcək dövlət əmlaklarının 65%-lik (50+15) mülkiyyət hüququ vətəndaşlara məxsusdur. Qanunla dövlət bir emitent kimi buraxdığı və birincili olaraq yerləşdirdiyi qiymətli kağızların təsdiqlədiyi mülkiyyət hüquqlarının sahibi deyil. Konstitusiya və qanunlarla dövlət artıq qanunla bütün özəlləşdiriləcək orta və böyük müəssisələrdən vətəndaşlara məxsus olan 65% əmlak payını -mülkiyyət hüququnu kompensasiya etmədən və vətəndaşlarla razılaşdırmadan heç kimə satıla bilməz.

Mövzu ilə bağlı hüquqşünas Vüsal Əliyev mobilmedia.az-a açıqlamasında bildirib ki, vətəndaşların yaxın gələcəkdə sahb olduqları özəlləşdirmə çeklərindən istifafə edə bilməsi gözləniləndir:
“Son vaxtlar çeklərlə bağlı çağırışların artması müşahidə olunur və bu, başadüşüləndir. Demək olar ki, ölkədəki bütün obyektlər, əmlaklar hüquqi olaraq vətəndaşlara məxsusdur. O vaxtı özəlləşdirmə çekləri ilə bğlı prosesdə müəyyən boşluqların, sui-istifadə hallarına yol verilməsini nəzərə alsaq, bu gün öz haqqından istifadə edə bilməyən vətəndaşların hüquqlarının bərpasına ehtiyac var. Unutmaq olmaz ki, ölkəmiz yeni inkişa mərhələsindədir və bu mərhələdə özəlləşdirmə çeklərinin yenidən tədavülə buraxılması məqsədəuyğundur. Ötən il dövlət başçısı İlham Əliyev “İnvestisiya fəaliyyəti haqqında” qanunun tətbiqi ilə bağlı fərman imzalayıb. Qanuna əsasən, investisiya fəaliyyəti sahəsində dövlət tənzimlənməsi mülkiyyətin toxunulmazlığı; qanunçuluq; insan və vətəndaş hüquq və azadlıqlarının qorunması və təmin edilməsi; konfidensial məlumatların qorunması kimi prinsiplər əsasında həyata keçiriləcək. Eyni zamanda investisiya fəaliyyəti sahəsində dövlət əmlakının özəlləşdirilməsi, restrukturizasiyası və sağlamlaşdırılması; iqtisadiyyatın prioritet sahələrində investisiya layihələrinin dəstəklənməsi; investisiya fəaliyyətinin həyata keçirilməsi ilə bağlı investorlara göstərilən xidmətlərin rəqəmsallaşdırılması və “bir pəncərə” prinsipi əsasında göstərilməsindən ibarət olacaq. Fikrimcə, sözügedən fərman özəlləşdirmə çeklərinin tədavülə buraxılmasına və investisiya fəaliyyətinə müsbət təsir edəcək əsas amillərdəndəndir. Bu baxımdan özəlləşdirmə çekinə sahib olan vətəndaşların hüquqlarının bərpa olacağına inanıram. Həmin vətəndaşlara məsləhətim budur ki, çeklərini qara bazarda və ya onlayn alış-veriş saytlarına ucuz qiymətə satmasınlar. Hərçənd ki, son günlər çeklərin alqı-satqısı ilə bağlı elanlara sıx rast gəlinir. Ona görə də vətəndaşlar diqqətli olmalı və sui-istifadəçilərin toruna düşməməlidir”.

Ulu öndər Heydər Əliyevin imzaladığı fərmanla vətəndaşların sosial rifahını daima diqqətdə saxladığını vurğulayan Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov isə öz növbəsində vurğulayıb ki, mövcud vəziyyətdə də vətəndaşların sosial rifahına müsbət təsir edəcək özəlləşdirmə çekləri yenidən tədavülə buraxılmalıdır:
“Son zamanlar özəlləşdirmə çeklərinə olan maraq artmaqdadır. Əvvəllər sadəcə özəlləşdirmə çekinə sahib insanlar aktivlik göstərirdisə, bu gün çeki olan vətəndaşlar da vauçerlər barədə maraqlanmağa başlayıblar. Təsadüfi deyil ki, ötən il parlamentdə də bu məsələyə toxunulub. Çünki bu gün özəlləşdirmə çekləri tədavüldə olmasa da, bu çeklərin etibarsız hesab olunması ilə bağl hansısa fərman yoxdur. Bu isə o deməkdir ki, özəlləşdirmə çekləri hələ də qiymətli kağızlar sayılır. Bu gün müvafiq hökumət qurumları və Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sözügedən problemin həllində aktivlik göstərməli və vətəndaşların hüquqlarını müdafiə etməlidirlər. Unutmayaq ki, vətəndaşlar sadəcə tapdanan hüquqlarının bərpa olunmasını istəyirlər. Onların hansısa başqa məqsədi və istəyi yoxdur. Özəlləşdirmə çekləri vətəndaşların halal haqqıdır. Özəlləşdirmə çeklərinin dövriyyəyə buraxılmasında məqsəd dövlət əməlakının özəlləşdirilməsindən vətəndaşlara pay verilməsi idi. Çox təəssüüf ki, o vaxtı bəzi işbazların ucbatından dövlət əmlaklarının vətəndaşlara verilməsi təmin olmadı. Artıq indiki məqamda insanlar öz haqq və hüquqlarını tanımaqla yanaşı, özəlləşdirmə çekləri barədə kifayət qədər məlumatlıdırlar. Vətəndaşların ölkə başçsına, müvafiq dövlət qurumlarına müraciətlərinə bunun açıq nümunəsidir. Ona görə də vətəndaşların o vaxtkı kimi aldadılmasının qarşısı alınmalı və dövlət öz vətəndaşlarını müdafiə etməlidir. Yaxşı olardı ki, hökumət bu məsələni bir daha nəzərdən keçirsin və dövlət əmlakının özəlləşdirilməsində çeklərin iştirakına şərait yaratsın”.
Qeyd edək ki, özəlləşdirmə çekləri ilə bağlı ətraflı məlumatla aşağıdakı linkdən daha yaxın tanış ola bilərsiniz:
https://mobilmedia.az/?s=%C3%B6z%C9%99ll%C9%99%C5%9Fdirm%C9%99+%C3%A7ekl%C9%99ri




