
Ötən gün Masallı rayonunun Yeddioymaq kəndində “Azərişıq” ASC-nin əməkdaşları güllələnib.
Yayılan xəbərdə bildirilir ki, Yeddioymaq kənd sakini 1969-cu il təvəllüdlü Mansur Bəşir oğlu Şahmuradov elektrik enerjisi borcu olduğuna görə onun həyətinə gələn və borcunun ödənməsini istəyən elektrik şəbəkəsi işçiləri ilə mübahisə edib. Heç bir borcunun olmadığını iddia edən abonent M.Şahmuradov evindəki ov silahı ilə “Azərişıq”ın əməkdaşlarına atəş açılıb.
Qeyd edilir ki, nəticədə üç nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İki nəfərin xəsarətləri yüngül olduğundan ambulator yardım edilib. “Azərişıq” ASC-nin digər əməkdaşı Masallı şəhərində yaşayan, 1983-cü il təvəllüdlü Ramal Sudef oğlu Bağırova isə sol körpücük nahiyəni dəlib-keçən güllə yarası diaqnozu qoyulub. Hazırda yaralı əməliyyatdadır.
Faktla bağlı Masallı Rayon Prokurorluğunda araşdırma aparılır. Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
“Azərişıq” ASC-nin sədrinin müşaviri Tanrıverdi Mustafayev deyib ki, hadisə şəxsi zəmində baş verib və əməkdaşlar heç də elektrik xəttini kəsməyə getməyiblər.

Bütün hallarda kommunal xidmət nəzarətçiləri ilə vətəndaşlar arasında konfliktlər barədə müxtəlif vaxtlarda mediada məlumatlara rast gəlinir. Kommunal ödəmələrə görə vətəndaşla nəzarətçilərin, müfəttişlərin canlı kontaktı olmasa yaxşı deyilmi? Birinicisi, işıq pulunu online ödəmək mümkündür. İkincisi də, borcu yaranan vətəndaşı başqa inzibati yollarla buna vadar etmək olar – məhkəmə, maaşından çıxmaq, pensiyasından tutmaq və sairə.

Musavat.com-a danışan ekspert Nüsrət Qasımov bildirib ki, əslində hazırkı dövrdə nəzarətçilərin qapılara getməsinə lüzum yoxdur:
“Həmin şəxslərin evlərə getmələrinə gərək yoxdur. Üstəlik də 3 nəfər birdən gedib, xəbərlərdə yazılanlara görə ödənişi tələb ediblər. Bəyəm 1 nəfər bəs etmirdi? Nəzərə almaq lazımdır ki, karantinlə bağlı insanların əsəbləri əvvəlki kimi deyil. Əgər sakinin abonentin borcu vardısa, bildiriş göndərilməli idi ki, 3 gün ərzində ödəniş edilməsə, işığınız kəsiləcək. Göndərilən bildirişdən də 1 ay sonra hərəkət etmək olar. Bəlkə şəxs xəstədir və ya heç evdə yoxdur? Hər halda məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalıdır. Məmurlar vətəndaşın əsəbi ilə oynamalı deyil. Hazırda elə dövrdür ki, insanlar bir-birilərinə kömək edirlər. Kommunal ödəmələrlə bağlı vətəndaşın qapısına getməyə gərək yoxdur. Mən düşünürəm ki, bu şəxslər adamın hövsələdən çıxması üçün şərait yaradıblar. Nəticədə də bu cür bədbəxt hadisə baş verib. Doğrudur, həmin adam da əlini odlu silaha atmalı deyildi. Ancaq yenə də buna şərait yaratmaq olmazdı”.



