
“Bir neçə gündür ki, ekoloqlar Azərbaycanın torpağında ekologiyamıza vurulan ziyana etirazını bildirir”.
mobilmedia.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.
Millət vəkili bildirib ki, Rusiya sülhməramlıları oradakı ermənilərlə birləşib qanunsuz silah daşıyır, İran vətəndaşlarını qanunsuz olaraq Azərbaycan ərazisinə buraxır: “Soydaşlarımız buna etiraz edirlər. Biz bunu dəstəkləyirik. Bu proseslərdə bizim gənclərimiz də iştirak edir. Azərbaycan gəncləri heç nəyi unutmur. Azərbaycan gəncləri bu gün köhnə nəsildən də çox vətənini sevir. Gənclərimizin hər biri Prezident İlham Əliyevin dövründə vətənpərvərlik dərsləri alıb. Biz belə gənclərimizin olmasına görə fəxr edirik”.
***
Mövzuya digər deputat Razı Nurullayev da münasibət bildirib. Onun sözlərinə görə, Azərbaycan vətəndaş cəmiyyəti təmsilçilərinin Şuşa-Xankəndi yolunu bağlaması əslində gecikmiş aksiyadır: “Ölkəmiz bu günə kimi dözüm göstərdi, humanitar amilləri nəzərə aldı, Ermənistan və separatçıları isə bu yolu hərbi və talançılıq üçün istifadə etdi. 30 il bəs deyilmiş kimi, indi də Rusiya sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərdə ekoloji fəlakət törədirlər”.
O qeyd edib ki, bu aksiya vətəndaş cəmiyyəti təmsilçilərin, ekoloji fəalların təşəbbüsü ilə gerçəkləşdirilib və effekt verib. İndi aksiyanın daha da genişləndirilməsinə və tələblərin də böyüməsinə ehtiyac var: “Birincisi, Xankəndi ilə Ermənistanı birləşdirən yolda sərhədçilərimiz və gömrük postumuz yerləşdirilsin. Ermənistan Naxçıvana gedən azərbaycnalılara dəhliz vermirsə, biz niyə Ermənistandan gələn ermənilərə əlini-qolunu sallayıb gəlməyə icazə verməliyik?
İkincisi, separatizmə dəstək verən və layihə olaraq Qarabağa yerləşən erməni əsilli rusiyalı milyarder Ruben Vardanyan torpaqlarımızdan rədd olub getməlidir. Separatçıların quldur başçısı, beynəlxalq axtarışa verilmiş, haqqında qalaq-qalaq cinayət işi açılmış Araik Arutyunyanın həbs edilməsi üçün Xankəndində əməliyyat keçirilməsi ilə bağlı məsələ tələblər arasında olsun.(qafqazinfo)




