
30-cu illərin repressiya faciəsinə xalqımızın ən istedadlı ziyalılarının, söz ustadlarının, müstəqilliyimiz uğrunda böyük şücaətlər göstərmiş mübarizlərin məruz qalmaları, yəqin ki, hamıya məlumdur.
Repressiya nəticəsində mədəniyyətimizin, ədəbiyyatımızın inkişafına silinməz zərbələr vurulmuşdur. Hüseyn Cavid, Mikayıl Müşfiq, Əhməd Cavad, Vəli Xuluflu, Ömər Faiq Nemanzadə, Salman Mümtaz və başqa yazıçılarımızla sonrakı nəsillər arasındakı varislik tellərini qəddarlıqla qoparılmışdır. Dövrünün müasirləri arasında ən çox bəxti gətirməyənlərdən biri də Əhməd Cavaddır.
Sənət eşqi ilə yanıb-yaxılmaq, sözünün mahir ustadı olmaq, öz xeyriyyəçilik əməlləri ilə dövlətinə, xalqına töhfə vermək, müəllifi olduğu əsərləri ilə oxucularının qəlbində özünə əbədi heykəl ucaltmaq səadəti yalnız o sənətkara, yazıçıya nəsib olur ki, yaşadığı torpağına, vətəninə, millətinin müstəqilliyi uğrunda mübarizəyə ayrılmaz tellərlə bağlı olsun. Əhməd Cavad məhz belə, əbədi olaraq qəlblərdə yaşamış sənətkar olmuş və olaraq da qalacaq.
Əhməd Cavad 1892-ci il mayın 5-də Gəncə qəzasının Şəmkir dairəsinin Seyfəli kəndində ruhani ailəsində dünyaya göz açmışdır. Atası Məmmədəli kəndin axundu olub. Azərbaycanın görkəmli tarixi simalarından biri kimi tanıdığımız Cavadxan axund Məmmədəlinin atası ilə dost idi və ailədə həmişə onun haqqında xoş söhbətlər gedərdi; mərdliyi, qorxmazlığı, xalqının yolunda qəhrəmanlıqla həlak olması dönə-dönə anılırdı. Elə bu hörmət və ehtiramın əlaməti kimi axund Məmmədəli oğlunun adını Cavad qoymuşdu. Cavad beş yaşına çatmamış atası rəhmətə getdi. O, anası Yaxşı xanımın ümidinə qaldı. İlk təhsilini molla məktəbində almış, üç il orada oxumuşdur. Sonrakı təhsilini Gəncədə Müsəlman Ruhani Seminariyasında almış (1906-1912-ci illər) və oranı müvəffəqiyyətlə bitirmişdir. 1913-cü ildə Zaqafqaziya şeyxülislamı Pişnamazzadənin imzası ilə ona müəllimlik şəhadətnaməsi verilmişdi. Həmin ildə Şəmkir, Gədəbəy, Zaqatala və Gəncədə müəyyən dövrlərdə müəllim kimi çalışmışdır. Birinci Dünya müharibəsi başlayanda döyüşlərə qatılmış, dörd il cəbhədə müxbir, xeyriyyə cəmiyyətinin üzvü, katibi, bəzən də sədr müavini kimi fəaliyyət göstərmişdir. O, Şimali Qafqaz, Dağıstan, Batumi, Qars, Ərdəhan, Gürcüstan və Türkiyədə olmuşdur. Ən çox türk xalqları yaşayan ərazilərə gedərək onlara maddi və mənəvi yardım göstərmişdir.
Müharibədən sonra müəllimlik etməklə yanaşı həm də yaradıcılıqla məşğul olmuşdur. O, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında yaxından iştirak etmiş, həm də cümhuriyyət quruculuğunda fəal üzvlərdən biri olmuşdur. Əhməd Cavad 1920-ci ildə Quba qəzasının Xuluq kəndinə müəllim təyin olunur. 1922-ci ilin yayına kimi burada türk və rus dillərindən dərs deyir. O, 1922-ci ildə ali məktəbə daxil olmaq məqsədilə Bakıya gəlir. Azərbaycan Ali Pedaqoji İnstitutuna daxil olaraq 1926-cı ildə oranı bitirir. Nərimanov adına Texnikumda, Pambıqçılıq İnstitutunda (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) müəllim, dosent, professor və kafedra müdiri vəzifələrində çalışır.
Göründüyü kimi Ə.Cavad ömrünün böyük hissəsini – 29 ilini müəllimlik kimi müqəddəs peşəyə həsr etmişdir. İbtidai sinif müəllimliyindən ali məktəbin kafedra müdirliyinə qədər mürəkkəb bir inkişaf yolu keçmişdir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə “Azərbaycan dilinin sərfi və nəhvi” adlı ilk dərsliyin müəllifi olmuşdur. O, rus dili üzrə professor rütbəsini alan ilk azərbaycanlı alim idi, səkkiz-on dildə sərbəst oxumaq, danışmaq və yazmaq bacarığı var idi. Əhməd Cavad Azərbaycan Xeyriyyə Cəmiyyətinin məsul katibi və ən fəal üzvlərindən biri idi. Hacı Zeynalabdin Tağıyevin köməyi ilə Seyfəlidə məktəb və uşaq bağçaları açılması, Könüllü kəndinin tikilməsi məhz Ə.Cavadın adı ilə bağlıdır. Təsadüfi deyil ki, M.Müşfiq Könüllü kəndinə şeir qoşmuş, oranı “Cavadkənd” kimi təsvir etmişdir.
Ə.Cavad həm də “Yaşıl qələmlər” adlı cəmiyyətin yaradıcısı və katibi, Azərbaycan Proletar Yazıçılar Cəmiyyətinin üzvü idi. AXC-nin milli marşlarının əksəriyyətini məhz o yazmışdı. Bu gün dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərdə səslənən himnimizin mətnini də o qələmə almışdır. Lakin Əhməd Cavadı təkcə şair kimi qələmə vermək düzgün olmazdı. O, konkret faktlara istinad edən istedadlı şair, publisist, tərcüməçi, jurnalist, xeyriyyəçi, cəbhəçi-döyüşçü, politoloq, Azərbaycan Xalq Cümhuriyyətinin baş ideoloqlarından biri kimi də tanıdıla bilər
1920-ci ilin aprel hadisələrindən sonra – AXC-nin süqutu ilə Ə.Cavadın hüquqları daim pozulmuş, orijinal yaradıcılığının inkişafına imkan verilməmişdir. 1923-cü ildə Musavat Partiyasının liderlərindən Mirzəbala Məmmədzadənin Türkiyəyə qaçırılmasında Cavadı günahlandırıb həbs edirlər. Xuluq kəndində işlərkən dostluq etdiyi müəllim yoldaşı H.Musayev Mir Cəfər Bağırovun yanına gəlir və şairin azad olunmasını xahiş edir. Bağırov xahişi yerinə yetirir.
Ə.Cavad ikinci dəfə “Göygöl” şeirinə görə həbs edilir. Bu şeiri oxuyan o zamankı rəhbərlərdən S.Ağamalıoğlu demişdi: “Kim deyər ki, Azərbaycanın Puşkini yoxdur? Cavad Azərbaycan ədəbiyyatının Puşkinidir. “Göygöl” doğrudan-doğruya Azərbaycan ədəbiyyatının incisidir”. Lakin şairi gözü götürməyən bəzi qüvvələr bildirir ki, şeir antisovet ruhludur. Dərhal Ə.Cavadın həbs olunması ilə bağlı göstəriş verilir. Beş-altı ay çəkən təftişdən sonra şairin “Göygöl” şeirinə heç bir siyasi rəng verə bilmirlər və həbsdən buraxmaq məcburiyyətində qalırlar. Ə.Cavad 1920-1937-ci illər arasında dəfələrlə həbs edilmiş, təqiblərə məruz qalmışdır. Nəhayət, 1937-ci il martın 21-də Əhməd Cavadı Azərbaycan Yazıçılar İttifaqının üzvlüyündən azad edirlər. Həmin il iyun ayının 4-də onu H.Cavid, M.Müşfiq və V.Xuluflu ilə eyni vaxtda həbsə alırlar. Oktyabrın 12-dən 13-ə keçən gecə 15 dəqiqəlik məhkəmənin qərarı ilə ona güllələnmək hökmü oxunur. Lakin hökmü yerinə yetirməyə ehtiyac qalmır, çünki şair ona qarşı olunmuş işgəncələrə dözməyib dünyasını dəyişir.
Əhməd Cavadın yaradıcılığından danışılarkən qeyd edilməlidir ki, dəfələrlə təqiblərə və təhqirlərə məruz qalan şair hər dəfə həbs edilərkən evi hərtərəfli şəkildə axtarılmış və məhz buna görə də əsərləri, çox güman ki, məhv edilmişdir. Lakin yaradıcılığının əlimizdə olan nümunələri onu göstərir ki, o, həm romantik, həm də realist üslubda yazan incəduyğulu sənətkar olmuşdur. Şairin “Yazım gəl, baharım gəl”, “Səhər-səhər”, “Sevgi candan ayrılmaz”, “Yuxuma gəlmişdin”, “İmdad”, “Axşamlar” və s. şeirləri buna əyani sübutdur. Qeyd edək ki şairin dili aydın, rəvan və oxunaqlıdır; xalq şeir dilinə çox yaxındır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 20.04.2022-ci il tarixli Sərəncamı ilə Əhməd Cavadın 130 illiyi ölkə ərazisində geniş şəkildə keçirilir. Şairin həyat və yaradıcılığı ilə bağlı təhsil ocaqlarında, Mədəniyyət Nazirliyinin nəzdində olan qurumlarda silsilə tədbirlər təşkil olunur.
Bağırlı Namiq (Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin əməkdaşı)




