“Bu halda layihədən imtina etməyə hazıram” – “Şuşa İli” ilə bağlı keçirilən qrant müsabiqəsinin qalibi

27

“Təqdim etdiyim layihənin qalib olması və ya olmaması məni heç düşündürmür. Məni düşündürən Şuşanı xaricdə “Şuşa” adına layiq bir səviyyədə təbliğ edə bilməkdir”.

Bu sözləri Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa İli” ilə bağlı keçirtdiyi qrant müsabiqəsinin qalibi olan “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru Fikrət Yusifov məlum müsabiqə ətrafında gedən müzakirələri şərh edərkən mobilmedia.az-a açıqlamasında deyib.

O, qeyd edib ki, təmsil etdiyi Birlik Şuşanı Amerika Birləşmiş Ştatlarında və Avstriyada təbliğ etməyi planlaşdırır:

“ABŞ-ın Kaliforniya ştatında bir milyondan artıq erməninin yaşadığı bir məkanda bu tədbiri keçirtmək o qədər də asan deyil. ABŞ-da və xüsusilə onun Kaliforniya ştatında erməni lobbisi yetərincə güclüdür. Lakin bu bizi qorxutmur, əksinə daha da ruhlandırır ki, biz haqq işimizi – Şuşa həqiqətlərimizi onu bilməyənlərə məhz bu məkanda insanlara olduğu kimi çatdıraq.

Şuşa ili ilə bağlı keçirilmiş müsabiqənin qalibləri elan olunduqdan sonra sosial şəbəkələrdə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və onun yeni rəhbərliyinin ünvanına “layihəsi keçməyən” Qeyri-Hökumət Təşkilatları tərəfindən basqılar edilir. Mən Azərbaycanda dövlət qurumları tərəfindən tenderlərin keçirilməsi sahəsində baş verən nöqsanları hər kəsdən daha çox tənqid edənlərdən biriyəm. Bu gün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yeni rəhbərliyi həqiqətən də seçimlərin şəffaf və ədalətli olması üçün çalışır. Belə olan halda gəlin onlara dəstək verək, əməllərimizlə onlara kömək edək. Cılız, şəxsi maraqlar müstəvisindən çıxış edib, özümüzü gülünc vəziyyətə salmayaq. Həmişə qalib gəlmək mümkün deyil, uduzmağı da bacarmaq lazımdır.

Sonda tam səmimiyyətlə deyirəm ki, təqdim etdiyim layihənin qalib olması və ya olmaması məni heç düşündürmür. Məni düşündürən Şuşanı xaricdə “Şuşa” adına layiq bir səviyyədə təbliğ edə bilməkdir. Bu səbəbdən kimsə bu işi ABŞ-ın Kaliforniya ştatında San-Fransisko və Sakramento şəhərlərində
bizdən daha yaxşı keçirə bilərsə, mən bu layihədən məmuniyyətlə imtina etməyə hazıram”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin