
mobilmedia.az xəbər verir ki, xalq artisti Firəngiz Mütəllimova Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
– Prezident İlham Əliyev Azərbaycanda 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında sərəncam imzaladı. Şuşalı kimi təəssüratlarınızı eşitmək istərdik.
– Cənab prezidentə təşəkkür edirəm. Çox sevindim ki, 2022-ci ili “Şuşa İli” elan etdi. Fikirləşirəm ki, işğaldan azad olunmuş Şuşanın indi buna ehtiyacı var. Şuşa yalnız Qarabağın yox, bütün Azərbaycanın döyünən ürəyidir.
– 2022-ci ildə Şuşaya yenidən səfəriniz gözlənilirmi?
– İnşallah. Yəqin ki, “Şuşa İli” olduğuna görə tədbirlərin sayı çox olacaq. Bir şuşalı kimi böyük məmuniyyətlə doğma şəhərimə yenidən getmək istəyirəm. Ürəyimdən keçir…
– Şuşada olanda evinizə də getdiniz. Evinizlə bağlı hansı istəkləriniz var?
– İstərdim evimiz tam təmir edilsin. Çünki ondan yalnız daşlar qalıb. Arzulayıram ki, yenə evimizdə ocaq qalansın, işıqlarımız yansın, valideynlərimin ruhu şad olsun.
– Şuşadan gətirdiyiniz torpağı saxlayırsınızmı?
– Atamla-anamın qəbrinin üzərinə apardım.
– Doğulduğunuz şəhərdə sənət baxımından nələr etmək istərdiniz?
– Hazırda pandemiyaya görə evdən çox çıxmamağa çalışıram. Bilirsiniz ki, səhhətimə görə özümü qoruyuram. Beyin əməliyyatı olmuşdum. Pandemiya olduğundan heç nə edə bilmirəm. Nə televiziya kanallarına çıxıram, nə də seriallara çəkilirəm…
– Bəs, teatrda hansı tamaşalarda oynayırsınız?
– Teatrın açılışında “Qarabağnamə” əsərində oynadım. Teatrda da elədir ki, tamaşan, məşqin yoxdursa, əlavə işçilərin teatra gəlişinə icazə verilmir. Pandemiyaya görə qayda-qanunlara riayət edilir.
– Sizi hansı tamaşalarda görəcəyik?
– Hələ onu bilmirik. Pandemiya bitənə qədər orta yaş və gənclərə üstünlük verilir. Çünki yaşlı nəsil arasında xəstəliyi olan insanlar var.
– Teatrlar pandemiyaya görə uzun müddət bağlı qaldı. Teatr səhnəsi üçün darıxmışdınızmı?
– Bəli, çox darıxmışdım. 30 ilə yaxındır “Qarabağnamə” tamaşasını oynayırdıq. Tamaşa dərdli-qəmli günlərdə – soyqırımı günündə, 20 Yanvar ərəfəsində oynanılırdı. Amma teatrın açılışında “Qarabağnamə” tamaşasında qələbə çalmış müstəqil ölkənin vətəndaşı kimi qürur hissi ilə oynadım.
– Yeni ili necə qeyd etdiniz?
– Yeni ili evdə çox sadə qeyd etdim. Bütün Azərbaycan xalqına, əzizlərimə, can sağlığı arzu edirəm. Ən önəmlisi budur. Can sağlığ varsa, hər şey yaxşıdır, yoxsa yox.



