
mobilmedia.az xəbər verir ki, Quba şəhərində “Soyqırımı Memorial Kompleksi” 2021 – ci il ərzində 20 minə yaxın ziyarətçi qəbul edib. Ziyarətçilər arasında dünyanın bir çox ölkələrinin vətəndaşları da yer almışdır. Kompleks Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən xüsusi karantin rejiminin qaydalarına uyğun fəaliyyətini davam etdirir.
Mütəmadi olaraq Sosial şəbəkələrdə Quba Soyqırımı Memorial Kompleksinə aid səhifə və profillərdə təbliğat xarakterli layihələr həyata keçirilir.
Kompleksin bələdçiləri tərəfindən 4 dildə (Azərbaycan, ingilis, rus və ərəb) ziyarətçilərə, həmçinin izləyicilərə canlı bağlantılar qurularaq onlayn məlumatlar verilir.
Ötən müddətdə Quba Soyqırımı Memorial Kompleksinin əməkdaşları bir sıra uğurlar qazanmışlar.
Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 05 yanvar 2021-ci il tarixli Sərəncamına əsasən, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 ili ilə əlaqədar olaraq 2021-ci il ölkəmizdə “Nizami Gəncəvi İli ” elan olunmuşdur. Nizami Gəncəvi İrsinin öyrənilməsi məqsədi ilə Kompleksin əməkdaşları Gəncə şəhərinə səfər təşkil etmişlər. Səfər çərçivəsində Nizami Gəncəvi Məqbərəsi ziyarət edilmiş, daha sonra hər iki qoruq əməkdaşlarının iştirakı ilə keçirilən seminarda elmi sahədə görülmüş işlərin müzakirəsi, bu sahə üzrə innovasiyaların tətbiqi, işin günün tələblərinə uyğun qurulması məqsədi ilə yeni kreativ yanaşmalar və təhlillərin görülən işlərə təsiri barədə müzakirələr və təcrübə mübadiləsi aparılmışdır.
“Nizami Gəncəvi İli ”çərçivəsində Kompleksin rəhbərliyinin təşəbbüsü ilə il boyu onlayn elmi-praktik konfranslar təşkil edilmişdir. Konfranslarda Kompleksin əməkdaşları (Mehriban Əliyeva, Lətafət Beybutova, Sübhan Talıblı, Aygün Ağamirzəyeva, Ülkər Zeynalova, Səriyyə Abidova, Nazilə Məmmədova, Orxan Hüseynov, Seyid Cabbarov, Emin Ulubəyov) Nizami Gəncəvi haqqında müxtəlif məzmunlu məqalələri ilə çıxışlar etmişlər.
Bundan əlavə Ukraynada nəşr olunan “Humanitar Elmlərin Aktual Məsələləri” adlı elmi jurnalın 34-cü sayında kompleksin direktoru, tarix üzrə fələfə doktoru Rəxşəndə Bayramovanın “Quba qəzasında soyqırımının törədilməsi və onun nəticələri”, Kompleksin əməkdaşı, tarix üzrə fələfə doktoru dosent Sübhan Talıblının bir çox yerli və xarici mətbuat oraqanlarında 15 dən çox, Ədəbi-Bədii Xəzan Jurnalında isə Kompleksin əməkdaşı Abutalib Turabovun “Müasir Azərbaycan Təhsilinin Tarixi Azərbaycan Xalq Cümhuriyyəti Təhsili Tarixinin Davamıdır” adlı elmi məqalələri dərc edilmişdir.
Bundan əlavə 2020-ci ildə milli-mənəvi dəyərlərin təbliğində fərqləndiyinə görə Quba Soyqırımı Memorial Kompleksinin əməkdaşı Abutalib Turabov “Azərbaycan mədəniyyəti” layihəsi çərçivəsində keçirilən “İlin aktiv gənci” nominasiyasında diplom, Yeni Azərbaycan Partiyasının yaradılmasının 29-cu ildönümü münasibətilə və gənclər arasında partiyanın təbliği, sosial şəbəkələrdə aktiv iştirakı, partiya işindəki səmərəli fəaliyyətinə görə isə fəxri fərmanla təltif olunmuşdur.
Qeyd edək ki, “Quba şəhərində Soyqırımı Memorial Kompleksi” Cənab Prezident İlham Əliyevin 30 dekabr 2009 cu il Fərmanı, Heydər Əliyev Fondunun təşəbbüsü tikilmişdir. 2013-cü il sentyabrın 18-də kompleksin açılışı olmuşdur. Açılışda cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak etmişlər.
Abu Turabov














