
Beyləqan və Füzuli rayonlarından yaşayan şəhid övladlarının Bakıya səfəri təşkil olunub.
mobilmedia.az xəbər verir ki, səfər Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyası və “Uşaq və Yeniyetmələrə Dəstək” ictimai birliyinin birgə təşəbbüsü əsasında baş tutub. Səfər çərçivəsində əsas məqsəd şəhid ailələrinə, övladlarına diqqət və qayğının göstərilməsi, şəhid uşaqlarının sosiallaşması, asudə vaxtının səmərəli təşkili, onlar arasında sağlam həyat tərzinin təbliğ olunmasını təşkil etməkdən ibarət olub.
Sentyabrın 7-də Beyləqan və Füzuli rayonlarından olan şəhid övladlarının Bakı Olimpiya Stadionunda dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilmiş Azərbaycan – Portuqaliya oyununda azarkeş qismində iştirakı təmin edilib.
Tədbirdən öncə uşaqların “Azərkitab” kitab mərkəzinə ziyarəti təşkil olunub. Uşaqlara Mərkəz rəhbərliyi tərəfindən kitablar, müxtəlif dəftərxana ləvazimatları, əlavə olaraq bel çantaları hədiyyə olunub.





