Əks göstəriş sertifikatı almaq istəyən hamilələrin nəzərinə!

27

Hamiləliklə bağlı müvəqqəti əks göstəriş sertifikatı hamiləliyin nəzərdə tutulan müddətindən asılı olaraq veriləcək.

mobilmedia.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu Sevinc Məmmədova bildirib.

O qeyd edib ki, hamilə qadınların qeydiyyatda olduqları qadın məsləhətxanalarından hamiləliklə bağlı sənədləri müəssisə tərəfindən Xüsusi Komissiyaya təqdim edilməlidir:

“Hamilə qadınlar doğuşayardım xidmətinə lisenziyası olan özəl tibb müəsissəsində qeydiyyatdadırlarsa, hamilələrə dair sənədlər ərazi üzrə şəhər poliklinikasına təqdim edilməli, həmin şəhər poliklinikasının protokoluna salınmalı və təsdiqləyici əlavə sənədlər Xüsusi Komissiyaya təqdim edilməlidir. Hamilə qadınlar üçün lazım olan sənədlər – hamilənin ambulator kartı, hamiləlik registrindən çıxarış və hamiləliyin təsdiqləyici ultrasəs müayinə nəticəsidir. Vurğulamaq istəyirəm ki, hamiləliklə bağlı müvəqqəti əks göstəriş sertifikatı hamiləliyin nəzərdə tutulan müddətindən asılı olaraq veriləcək”.

Hamilə qadınların koronavirusdan necə qorunmalı olmalarına gəlincə isə baş mama-ginekoloq bildirib ki, koronavirus insanlara yoluxmuş insanla təmas və ya damcı yolu ilə ötürülür. Hamilə qadınların koronavirusdan qorunma üsullarının başında əsas gigiyena qaydaları gəlir. Xüsusilə əlləri ən az 20 saniyə sabun və su ilə yumaq son dərəcə vacibdir:

“Ağız, burun və gözlərə əllə toxunulmamalı, asqırarkən birdəfəlik salfetlər istifadə edilməlidir. Salfet olmadıqda dirsəyə asqırılmalıdır. Lazım olmadıqca evdən çıxmamalı və evə heç bir qonaq qəbul edilməməlidir. Evdən çıxarkən maska taxmaq və izdihamdan qaçmaq lazımdır. Sosial məsafə qaydaları çərçivəsində digər insanlara 2 metrdən çox yaxınlaşmaq, əl sıxmaq və qucaqlamaq olmaz. Yuxu rejiminə, sağlam və balanslı qidalanmağa diqqət yetirilməlidir”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin