
“Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Kəlbəcər və Laçın rayonlarına səfəri ilə bağlı videoların hər birini qürurla izlədik”
mobilmedia.az xəbər verir ki, bu sözləri açıqlamasında “BİG Media” MMC-nın rəhbəri Emil Əkbərov deyib.
O vurğulayıb ki, Ali Baş Komandanın və Birinci vitse-prezident Mehriban Əliyevanın işğaldan azad olunan bölgələrə səfəri onların dövlətimizə, xalqımıza verdikləri dəyəri bir daha sübut edir:
“Erməni terrorçuların Kəlbəcər istiqamətində təxribatları davam etsə də, Ali Baş Komandan bu ucuz oyunların bizi qorxutmadığını bir daha bildirir və Qarabağın işğaldan əvvəlki gözəlliyinin geri qaytarılması istiqamətində işlərin uğurla davam etdiriləcəyi məsajını verir. Ən önəmlisi isə odur ki, bu səfər dəmir yumruğun hələ də yerində olduğunun və əvvəlki təxribatlar davam edəcəyi surətdə, əks tərəfin hər an o yumruğu yenidən başlarında hiss edəcəklərinin göstəricisidir.
Cənab Prezidentin dövlət başçısı seçildiyi gündən atdığı addımlar, yürütdüyü siyasət, xüsusilə də ordu quruculuğu sahəsində apardığı islahatlar, gördüyü işlər sayəsində 30 illik işğala son qoyaraq, ərazi bütövlüyümüzü bərpa etdik. Hesab edirəm ki, 44 günlük müharibə zamanı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz nəyinki gücümüzü, hətta qısa müddət ərzində qalib gəlmək əzmimizi bütün dünyaya sübut etdi. Məhz bu gün hər birimiz qalib ölkənin, qalib gəncləri, vətəndaşları olduğumuzu qürurla deyirik”.
Emil Əkbərov əlavə edib ki, səfər zamanı cənab Prezident İlham Əliyevin bir sıra xüsusi əhəmiyyət daşıyan layihələrin, eləcə də Kəlbəcər-Laçın avtomobil yolu üzərində inşa olunacaq tunelin və Laçın Beynəlxalq Hava Limanının təməlqoyma mərasimində iştirak etməsinin xüsusi əhəmiyyəti var:
“Biz Kəlbəcəri, Laçını və işğaldan azad olunan digər rayon və şəhərlərin əvvəlki gözəlliyini tezliklə geri qaytaracağıq. Ermənistan və onun havadarlarının 30 ildə qurduqları planlar 44 gün ərzində necə fiasko ilə nəticələndisə, bundan sonra atacaqları addımlar, təxribatlar da nəticəsiz qalacaq. Cənab Prezident və Birinci vitse-prezident Mehriban Əliyevanın dünənki Laçın-Kəlbəcər səfəri, oradakı təməlqoyma mərasimləri bir daha bunu sübut etdi. Düşünürəm ki, Ermənistan bundan sonra da havadarlarının göstərişi ilə getməyib, daha ağıllı davranışlar nümayiş etdirsələr və təxribatlarından əl çəksələr, onlar üçün daha yaxşı olar. Əks təqdirdə, törətdikləri təxribatlar yenidən dəmir yumruğu başlarında hiss etməklərinə səbəb olacaq”.



