
Musayev Cavid Aydın oğlu 1999-cu ildə Xaçmaz şəhərində anadan olub. O, Xaçmaz şəhəri Zərifə Əliyeva adına 8 nömrəli tam orta məktəbi bitirdikdən sonra 2016-cı ildə Sumqayıt Dövlət Universitetinin mühəndislik fakültəsinə qəbul olub. 2020-ci ildə həmin universiteti bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb. Cavid Musayev 2020-ci il 6 iyul tarixindən Ağcabədi rayonunda yerləşən N saylı hərbi hissədə xidmətə başlayıb. Karantin təlimlərini bitirdikdən sonra sentyabır ayının 22-dən Füzuli rayonu istiqamətində xidmətini davam etdirib. Sentyabrın 27-də İkinci Qarabağ Müharibəsi başlayan gündən Füzuli istiqamətində döyüşlərə qatılaraq artilleriya divizyonunda baş kəşfiyyatçı vəzifəsində xidmət edib.
Füzuli, Cəbrayıl, Xocavənd uğrunda gedən ağır döyüşlərdə iştirak edərək böyük şücaət və qəhrəmanlıq göstərib. Cavid Musayev Füzulinin, Cəbrayılın və Xocavəndin azadlığı uğrunda medalları ilə təltif olunub. Əlavə olaraq, Vətən Müharibəsi iştirakçısı medalı ilə də təltif olunub. O, 2021-ci il iyul ayının 3-də həqiqi hərbi xidmətini başa vuraraq sağ-salamat evlərinə geri dönüb. Cavid müharibə bitənə qədər vuruşduğunu öz anasından və doğmalarından gizlədib. 2007-ci ildə avtoqəzada atasını itirən Cavid anasının həyəcan və stress yaşamaması üçün müharibədə iştirak etdiyini ailəsindən gizlətdiyini bildirir. Ailəsi müharibə bitdikdən sonra hərbi komissarlıqdan onların ünvanına Cavidlə bağlı göndərilmiş tərifnamələri gördükdən sonra onun müharibədə vuruşduğundan xəbər tutublar.









