Seysmoloq: “Palçıq vulkanının üstündə ev tikənlər hər an təhlükədədirlər”

44

Qurban Yetirmişli: “Zəlzələlərlə palçıq vulkanlarının arasında genetik əlaqə var”.

Bir neçə gün öncə Daşlı adaya yaxın ərazidə baş verən vulkan hələ də gündəm mövzusu olaraq qalır. Bununla bağlı bir neçə qurum tədqiqatların nəticəsini açıqlasa da, hələ də insanlar arasında vulkan püskürməsinin baş vermədiyi düşünülür. Bəziləri çoxlu sayda insanın həlak olduğunu, gizlədildiyini iddia edir.

Bununla belə, insanlar arasında olayla bağlı ciddi narahatlıqlar və bundan irəli gələn suallar da verilməkdədir. Əsasən də “Bakının ortasında da vulkan püskürə bilərmi, paytaxt təhlükədədirmi”, – deyə daha çox bilgi almaq istəyirlər.

Daşlı adada püskürən vulkan Bakının yaşayış yerlərində də tektonik prosesləri sürətləndirə bilərmi? Nəzərə alınsa ki, Bakı palçıq vulkanları ilə əhatə olunub və zaman-zaman da bu vulkanlar aktivləşir. Lakin açıq dənizdə ilk dəfə idi ki, o səviyyədə, yüksək alovlarla müşayiət olunan vulkan müşahidə olundu. Görəsən, belə bir püskürmə, aktiv tektonik ərazi hesab olunan Bakıda da mümkündürmü? Daşlı adada püskürən vulkan nəyin xəbərçisidir – zəlzələ, vulkanik proseslər ərazidə aktivləşibmi?

Yeri gəlmişkən, 2004-cü il sentyabrın 15-də Azərbaycan ərazisində yerləşən, dünyanın ən böyük palçıq vulkanı “Toraqay” “Ginnesin Rekordlar Kitabı”na düşüb. Vulkan Qobustanın cənubunda yerləşən dünyanın ən böyük palçıq vulkanı sayılır. Onun hündürlüyü 400 metr, vulkan krateri isə 150 metr diametrdədir.

Baş verən son olay və proqnozlarla bağlı AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli “Yeni Müsavat”a danışıb: “Daşlı ada vaxtilə vulkan nəticəsində əmələ gəlmişdi. İndi həmin adada baş verən vulkanla bağlı müxtəlif şayiələr yazırlar, deyirlər ölənlər var. Onun yanında nə var ki, ölənlər də olsun. Vulkan platformadan uzaqda yerləşir, neft quyusu qazılmayıb, orada heç bir kəşfiyyat işi aparılmır. Heç bir tanker ora yaxın gəlməyib. Xahiş edirəm, şayiələr yayaraq camaatı çaşdırmasınlar. İkincisi də, həmin gecə mütəmadi olaraq Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi, eləcə də xilasedicilər hər bir qurum araşdırma apardı, bütün qurumlar vulkan olduğunu açıqladı.

Qaldı ki, Abşeronda palçıq vulkanlarının aktiv olması məsələsinə, Abşeronda palçıq vulkanları olduqca çoxdur. Bunu hər zaman demişik, dünyada 2 min palçıq vulkanı varsa da, bunun çoxu Azərbaycandadır. Haradasa 200-dən də çoxdur. Abşeron, Qobustan, Xəzər dənizində palçıq vulkanaları var. Aktiv, passiv vulkanlar var. Elə vulkanlar da var ki, vaxtilə püskürüb, indi heç bir fəaliyyəti yoxdur. Lökbatan, Şıxvərli, Qobu Buzdağ kimi vulkanlar dəfələrlə püskürüb, amma əhali üçün təhlükə yaradacaq hər hansı fəsadlar da törətməyib. Amma narahat olacaq digər məqamı diqqətdə saxlamaq lazımdır. Palçıq vulkanın üstündə ev tikirlər. Evlərdə çatlar əmələ gəlir. Fikirləşmirlər ki, burada vaxtilə vulkan püskürüb. Xarici ölkələrdə zərərçəkənlərə hökumət bir qəpik də vermir. Deyirlər “gedin sığorta elətdirin”. Problem yarananda da onlar ödəyirlər. Amma bizimkilər öyrəniblər, hökumətdən kömək istəsinlər. Prezident sağ olsun, Zaqatalada, Balakəndə, digər sürüşmə zonalarında zərərçəkənlərin hamısına kömək edib. Amma belə olmamalıdır, birincisi, orada ev tikilməməlidir. Heç olmasa, həmin evlər sığorta olunmalıdır”.

Q.Yetirmişli qeyd edib ki, hazırda Daşlı adada baş verən vulkan sönmək üzrədir: “Bu vulkan da sönmək üzrədir. Bu, çimərliklərdə, Xəzərin cənub tərəfi olan hissəsində əhali üçün hər hansı problem yarada bilməz və təhlükə yoxdur. Amma ümumiyyətlə, Litosferdə-yerin üst mantiyadan yuxarı olan hissəsində hər zaman hərəkət və tektonik qırılmalar var. Böyük plitələr daxili tektonik qırılmalarla bloklara parçalanır. Bunların hamısının, yəni blokların hərəkətləri, sürətləri var. Görürsən ki, bir blok arası, yəni tektonik qırılmalarla o hərəkətlər nəticəsində baş verən tektonik zəlzələlər baş verir. Eləcə də vulkanlar, burada sıxılmalar gedir, fluidlər toplanır, qazlar yığılır və müəyyən dövrdə kritik hala gələndə püskürməklə palçıq vulkanları fəaliyyətə başlayır”.

Mərkəz direktoru əlavə edib ki, zəlzələlərlə palçıq vulkanlarının arasında genetik əlaqə var: “Dəfələrlə bununla bağlı məqalələrim olub. Professorlarla apardığımız tədqiqatlar var. 2013-cü il dekabrın 18-də Qobustanda zəlzələ baş vermişdi. Dekabrın 20-si, yəni iki gündən sonra vulkan güclü alovla püskürdü. İndi də o gün Daşlı adasında baş verən zəlzələdən əvvəl Xəzərdə zəif də olsa təkanlar oldu. Əgər ocaqda hazırlıq gedirsə, bu, prosesi tezləşdirir. Zəlzələlər vulkanları fəallaşdırır. Vulkana yaxın olan ərazidə azacıq da olsa silkələnmə, ocaqda gedən prosesdə hazırlıq varsa, vulkanı oyada bilir”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin