
ABŞ-ın keçmiş prezidenti Barak Obama, Pentaqonun gizli arxivlərində uçan naməlum obyektlərin (UNO) fotolarının olduğunu deyib.
Onun sözlərinə görə, həmin “uçan boşqab”ların hərəkət prinsipini izah etmək mümkün olmayıb.
mobilmedia.az-ın məlumatına görə, bu barədə sabiq dövlət başçısı “Ceyms Kordenlə çox gec şou” proqramının efirində bildirib.
Obama etiraf edib ki, 2008-ci ildə prezident olduğu dövrdə ABŞ-da “yad planetli gəmilər” və Yerdən kənar sivilizasiyaların varlığına dair sübutlar olan gizli laboratoriyaların olub-olmadığını öyrənməyə çalışıb.
“Onlar (rəhbərlik rəsmiləri – red.) kiçik bir araşdırma apardılar və olmadığını dedilər”, – deyə keçmiş prezident vurğulayıb.
Bununla belə, o, mənşəyi müəyyən olunmayan “uçan boşqab”ların çəkilişi və müşahidəsi olduğunu qeyd edib.
“Onların necə hərəkət etdiklərini, trayektoriyalarını izah edə bilmirik”, – deyə Obama əlavə edib.
Xatırladaq ki, ötən il Pentaqon rəsmi olaraq uçan naməlum obyektləri (UNO) əks etdirən üç qısa videogörüntü paylaşmışdı. UNO-ların təyyarədə olan infraqırmızı kameraların vasitəsi ilə çəkildiyi, videoların isə birinin 2004-cü, ikisinin də 2015-ci ildə qeydə alındığı bildirilmişdi.



