“Ermənistan öz öhdəliklərinə əməl etməsə, Rusiya onu müdafiə edə bilməyəcək”

36


“Ermənistanın Azərbaycanın iradəsi və mövqeyi ilə hesablaşmaqdan başqa yolu yoxdur”.

mobilmedia.az xəbər verir ki, bu sözləri politoloq Yusif Bağırzadə Prezident İlham Əliyevin 20 aprel tarixində Azərbaycan televiziyasına verdiyi müsahibədə səsləndirdiyi fikirləri şərh edərkən deyib. O, bildirib ki, prezident son müsahibəsində həm aqrar sektorun inkişaf perspektivləri, həm işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən quruculuq işləri, həm öıkəmiz üçün prioritet məsələlərdən biri olan Zəngəzur dəhlizi, həm də “İsgəndər-M” raketləri ilə bağlı bir çox məsələlərə toxundu ki, bunların da hər birinin üzərində xüsusi olaraq dayanmağa ehtiyac var:

“İlk olaraq qeyd edim ki, ölkəmizdə aqroparkların yaradılmasının ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından əhəmiyyəti olduqca böyükdür. Aqroparkların təşkili və istifadəyə verilməsi bir sıra istiqamətlər üzrə ölkə iqtisadiyyatının rəqabətqabiliyyətliliyinin artırılmasına şərait yaratmaqla bərabər həm də ərzaq təhlükəsizliyi ilə bağlı olan məsələdir. Daha dəqiqi bu həm iqtisadi, həm də milli təhlükəsizlik məsələsidir. Azərbaycanda kənd təsərrüfatının inkişafı, ərzaq istehsalının artması istehlak bazarında idxalın aşağı düşmsinə gətitib çıxaracaq ki, bu da ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı geniş imkanlar açacaq.

Təbii ki, bu cür aqroparkların yaradılması külli miqdarda vəsait tələb edir. Təkcə son bir neçə il ərzində kənd təsərrüfatına ümumi investisiya qoyuluşu iki milyard manatdan çoxdur. Dövlətin güzəştli şərtlərlə verdiyi kreditlər, infrastruktur layihələrinin həyata keçirilməsi sözsüz ki, özəl sektor üçün geniş imkanlar açır. Nəticə etibarilə həm dövlət qazanır, həm ölkəmizin ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm addımlar atılmış olur, həm sahibkarlar qazanc əldə edirlər və təbii ki, son nəticədə həm də insanımız qazanmış olur. Belə ki, cəmi 4-5 il ərzində yaradılmış aqroparklarda yeddi mindən artıq insan çalışır, başqa sözlə bu cür aqroparkların yaradılması kəndlərdə yaşayan vətəndaşlarımızın işlə təmin olunması üçün də geniş imkanlar açır.

Prezidentin üzərində dayandığı digər bir məsələ işğaldan azad edilmiş ərazilərimizin bərpası və inkişaf perspektivləri ilə bağlı idi. İşğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələrinin icra vəziyyəti ilə bağlı məlumat verən dövlət başçısı azad edilmiş ərazinin elektrik təchizatının bu ilin sonuna qədər başa çatacağını dedi. Təbii ki, bu olduqca sevindirici xəbərdir. Amma sevindiri olması ilə bərabər həm də qürurlandırıcı hadisədir. Bu qədər qısa vaxt ərzində o qədər ərazini elektik enerjisi ilə təmin etmək hər ölkənin görə biləcəyi iş deyil. Təsəvvür edin həm yeni xətlər çəkilir, həm yeni yarımstansiyalar tikilir və üstəlik bu işlər Qarabağ kimi dağlıq rayonları olan ərazilərdə həyata keçirilir. Bilirik ki, Şuşa şəhəri elektrik enerjisi ilə artıq tam olaraq təmin edilib. Hazırda isə Daşkəsəndən Kəlbəcərə yeni ötürücü xətlər inşa edilir. Bu isə prezidentin də qeyd etdiyi kimi çox ağır bir işdir. Çünki bu infrastruktur layihəsi Murov dağlarından keçməlidir. Orada dağların hündürlüyü 3500 metrə çatır.

Bildiyimiz kimi işğaldan azad olunmuş ərazilərdə yol infrastrukturu ilə bağlı da xeyli işlər görülüb və görülməkdə də davam edir. Belə ki, Füzuli-Şuşa yolu, Zəfər yolu, Füzuli-Hadrut, Füzuli-Cəbrayıl, Bərdə-Ağdam, Göygöl-Toğanalı-Kəlbəcər yollarının çəkilişinə artıq başlanılmışdır və tezliklə Horadiz-Zəngilan avtomobil yolunun da təməli qoyulacaq. Lakin onu da qeyd edim ki, avtomobil yolları ümumi yol infrastrukturunun yalnız bir hissəsidir. Bundan savayı dəmir yolu xətlərinin çəkilişi ilə bağlı da geniş miqyaslı işlər gedir və Bərdə-Ağdam, eləcə də Horadiz-Zəngilan-Ağbənd dəmir yolu infrastrukturunun yaradılması istiqamətində işlərə artıq başlanılmışdır.

Heç şübhəsiz ki, yol infrastrukturunun yaradılması son dərəcə böyük strateji önəm daşıyır. Belə ki, etibarlı təminat baxımından yollar vacib əhəmiyyət kəsb edir. Azad olunan ərazilərdə bir neçə yol marşrutunun salınması imkan verəcək ki, əvvəlki yollardan asılılıq yaranmasın. Yeni yolların inşası əraziyə yeni baxışın formalaşması deməkdir. Bu yollar araşdırmalar nəticəsində layihələndirilən yollardır. Ona görə də Qarabağda inşa edilən yeni yolların strateji və təhlükəsizlik baxımından əhəmiyyəti çox böyükdür.

Digər vacib məqam heç şübhəsiz ki, Zəngəzur dəhlizi ilə bağlı olan məsələ idi. Cənab prezident Zəngəzur dəhlizinin yaradılması məsələsinin bizim üçün milli, tarixi və gələcək maraqlar məsələsi olduğunu vurğulayaraq Ermənistan istəsə də, istəməsə də bu dəhlizin icra olunacağını bildirdi. Dövlət başçısının Zəngəzur dəhlizinin icra edilməsi ilə bağlı qətiyyətli mövqe sərgiləməsi təsadüfi hesab oluna bilməz. Belə ki, bu məsələ bizim üçün Milli məsələ olmaqla yanaşı, həm də 44 günlük müharibənin nəticəsində imzalanmış üçtərəfli bəyanatda öz əksini tapmış bir müddəadır. Dövlət başçısının Azərbaycan xalqının 101 il əvvəl əlimizdən alınmış Zəngəzura qayıdacağını deməsi və ümumiyyətlə öz çıxışlarında Zəngəzurun da, İrəvanın da hansı şərtlər altında indiki Ermənistanın tərkibində olmasına işarələr vurmaqla tarixə müraciət etməsi Ermənistanın həm də siyasi-psixoloji anlamda dalana dirənməsinə gətirib çıxarır. Prezident, Ermənistan tərəfi dəhlizin icra olunmasına imkan verməsə bunu zorla edəcəyik deməklə onlara faktiki olaraq xəbərdarlıq etmiş oldu. Başqa sözlə bu o deməkdir ki, Ermənistan öz öhdəliklərinə əməl etməsə, hətta Rusiya da Ermənistanı müdafiə edə bilməyəcək və Azərbaycan özünün digər tarixi torpaqlarını da öz ərazisinə qatacaq. Düşünürəm ki, Ermənistanın prezidentin xəbərdarlığını düşgün qiymətləndirməkdən, Azərbaycanın iradəsi və mövqeyi ilə hesablaşmaqdan başqa yolu yoxdur.

Ən nəhayətdə üzərində dayanmaq istədiyim xüsusilə vacib məsələ “İsgəndər-M” raketləri ilə bağlıdır. “İsgəndər-M” raketlərinin Şuşa şəhərində tapılması və bu məsələ ilə bağlı bu günə qədər Azərbaycana tutarlı cavab verilməməsi, əlbəttə ki, Azərbaycan xalqında və Azərbaycan rəhbərliyində haqlı olaraq təəssüf və təəccüb hissi oyadır. Azərbaycanın sorğusuna cavab olaraq Rusiya tərəfinin verdiyi cavab təbii olaraq məqbul hesab edilə bilməz. Elə cənab president də müsahibəsində “Azərbaycan xalqına hər şeyi olduğu kimi deməliyəm. Çünki bu, çox ciddi məsələdir. Bu, sıradan olan məsələ deyil. Ona görə burada hər hansı bir məxfiliyə yol vermək olmaz. Cavabda göstərilmişdir ki, Rusiya tərəfi ballistik raketlərin buraxılmasını müəyyən etməmişdir. Bu, əslində, bizim məktubumuza olan tam cavab deyil. Çünki bizim məktubumuzda əsas sual ondan ibarət idi ki, ixrac üçün qadağan edilən və ölümcül “İsgəndər-M” raketləri Ermənistanın əlinə necə düşüb?” deməklə növbəti dəfə Rusiya Müdafiə Nazirliyi tərəfindən verilmiş cavabın məqbul hesab edilmədiyini onların nəzərin çatdırmış oldu.

Strateji tərəfdaşlar arasında münasibətlər səmimi olmalıdır deyən dövlət başçısı haqlı olaraq Rusiyadan cavab gözləyir. Prezident həmin raketlərin haradan, necə və nə vaxt atıldığı haqqında bütün məlumatlara malik olduğunu və zamanla bu məlumatları da paylaşacağını deməklə “İsgəndər–M” lə bağlı məsələyə aydınlıq gətirilməməsinin Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq əlaqələrinə kölgə sala biləcəyi ilə bağlı da xəbərdarlıq etmiş oldu. Cənab İlham Əliyevin bu məsələ ilə bağlı ortaya qoyduğu mövqe milli maraqlar məsələsində güzəştsiz mövqedə olduğunun ən bariz göstəricisidir”.

 

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin