“Belarus daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib”

28

“Belarus prezidentinin Azərbaycana səfəri təkcə imzalanan sənədlər baxımından deyil həm də verilmiş siyasi mesajlar baxımından olduqca əhəmiyyətlidir”.

mobilmedia.az xəbər verir ki, bu sözləri politoloq Yusif Bağırzadə Belarus prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana səfərini şərh edərkən deyib.

O, bildirib ki, Azərbaycan və Belarus arasındakı əlaqələrin tarixi uzun illərə dayanır:

“İki ölkə arasında diplomatik əlaqələr 1993-cü ilin iyun ayının 11-də qurulub və ötən müddət ərzində ikitərəfli münasibətlərin möhkəm ənənələri formalaşıb. İki ölkənin rəhbərliyi səviyyəsində sıx münasibətlər əlaqələrin bütün sahələrində öz əksini tapıb. Belarus və Azərbaycan rəsmiləri tərəfindən siyasət, iqtisadiyyat, vətəndaşların hüquqlarının və maraqlarının qorunması, səhiyyə, hüquq-mühafizə, humanitar və elmi-texniki əməkdaşlıq sahələrində 100-dən çox beynəlxalq müqavilə imzalanıb. Hazırda Azərbaycana Belarusun əsas ixrac malları maşınqayırma, şinlər, ağac emalı, qida məhsulları, məişət texnikası, qab-qacaq və digər məhsullardır. Belarus isə Azərbaycandan neft-kimya, maşınqayırma və kənd təsərrüfatı məhsulları idxal edir. Hətta keçən il, yəni pandemiya dövründə belə Azərbaycan və Belarus arasında olan əmtəə dövriyyəsinin artdığının şahidiyik.

Ümumiyyətlə götürdükdə Azərbaycanla Belarus arsındakı münasibətlər həmişə yaxşı olub. Ölkələr arasında sıx qarşılıqlı siyasi əlaqə, yüksək səviyyədə etimad mühiti var və bu münasibətlərin nəticəsidir ki, istər iqtisadi, istərsə də siyasi fəaliyyət çərçivəsində yaxşı nəticələr əldə edilib. KTMT çərçivəsində Ermənistanla bir qurumda təmsil olunmasına baxmayaraq Belarus daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və Qarabağ problemi ilə bağlı ədalətli mövqeyi ilə seçilib.
İndiki səfər çərçivəsində isə Qida Təhlükəsizliyi və Kənd Təsərrüfatı sahəsində əməkdaşlıq haqqında sənədlər, Turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu, energetika sahəsində əməkdaşlıq məsələlərinə dair Anlaşma Memorandumunun imzalanması ilə yanaşı Qarabağın bərpasında Belarusiyanın iştirakı ilə bağlı da geniş fikir mübadiləsi aparıldı və razılaşmalar əldə olundu. Belarus şirkətlərinin aqrosənaye kompleksləri yaradılması təcrübəsini nəzərə alsaq bu ölkənin işğaldan azad edilmiş ərazilərin bərpasına yaxşı töhfə verəcəyini deyə bilərik. Bunun ardınca dünən aprelin 15-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun ölkəmizdə səfərdə olan Belarus Respublikasının Dövlət Hərbi-Sənaye Komitəsinin sədri cənab Dmitriy Pantusun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü keçirilib və Azərbaycanla Belarus arasında hərbi-texniki əməkdaşlıq məsələləri də müzakirə olunub ki, bu da olduqca əhəmiyyətli məqamdır.

Ümumiyyətlə qeyd etməliyəm ki, Vətən müharibəsindən sonra Belarus prezidentinin Azərbaycana səfəri təkcə imzalanan sənədlər baxımından deyil, eyni zamanda ATƏT Minsk Qrupunun üzvü olan, KTMT çərçivəsində Ermənistanla bir qurumda fəaliyyət göstərən dövlətin Qarabağda bərpa prossesində iştiraka hazır olmasını bəyan etməsi baxımından da olduqca əhəmiyyətlidir.
Belarus prezidentinin səfər zamanı verdiyi mesajlar, Qarabağın bərpa prossesində iştiraka hazır olmalarını, eləcə də günü-gündən inkişaf edən Azərbaycanın müxtəlif sahələrdəki təcrübəsini öyrənəcəklərini bəyan etməsi ölkəmizin dünya siyasətində artan rolunun, “Prezident İlham Əliyev postsovet məkanındakı prezidentlər arasında ən savadlı, ən mədəni insandır” deməsi isə onun Azərbaycan prezidentinə verdiyi qiymətin ən bariz göstəricisidir”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin