
“Heç şübhəsiz ki, Bakıda Hərbi Qənimətlər Parkının açılışı Azərbaycan həqiqətlərinin dünyada təbliği işinə böyük töhfə olacaq”.
mobilmedia.az xəbər verir ki, bu sözləri politoloq Yusif Bağırzadə Hərbi Qənimətlər parkının açılışı və prezident İlham Əliyevin parkın açılışındakı çıxışına münasibət bildirərkən deyib.
O, bildirib ki, dövlət başçısı İlham Əliyevin təşəbbüsü əsasında qısa zamanda açıq səma altında salınan park vətəndaşlarımızın tarixin yeni səhifəsini öyrənmək üçün mənbə rolunu oynayacaq:
“Yaradılmasına bu ilin yanvar ayından başlanılan və 5 hektar ərazini əhatə edən Parkda Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü 2 mindən çox hərbi avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar, düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqları var.
Parkda Vətən müharibəsində düşməndən qənimət olaraq götürülən hərbi texnika – 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyatla yanaşı 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, Vətən müharibəsinin gedişatı barədə məlumatlar da sərgilənir ki, bu da öz növbəsində Azərbaycan əsgərinin düşmən üzərindəki zəfərini göz önündə canlandırmağa geniş imkan yaradır. Qənimətlər Parkı Ermənistan ordusunun necə darmadağın edildiyini, bu ölkəyə uzun illərdən bəri təmənnasız verilən külli miqdarda hərbi texnikanın necə yararsız hala düşdüyünü, eləcə də Ermənistan ordusunda real vəziyyətini ortaya qoyur.
Parkın açılışı və orada sərgilənən qənimətlər həm Ermənistana, həm də onların havadarlarına Azərbaycanın qüdrətini, ölkəmizin artıq 90-cı illərin əvvəllərindəki ölkə olmadığını da nümayiş etdirir.
Prezidentin parkın açılışındakı çıxışı isə Vətən müharibəsinə gedən yolun və müharibənin gedişatındakı uğurlarımızın aydın mənzərəsini yaradır. Dövlət başçısı tərəfindən verilən bəyanatlar bölgədə 44 günlük müharibədə formalaşmış yeni hərbi və güc düzəninin, həmçinin, yeni hərbi reallığın rəsmiləşməsi idi və heç şübhəsiz ki, bu reallığın da kökündə İlham Əliyev şəxsiyyəti dayanır. Prezidentin çıxışında qeyd etdiyi kimi ikinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Biz bu müharibə ilə qalib xalq olaraq özümüzü bütün dünyaya təsdiq etdik.
İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsini zəruri edən bir sıra amillər var. Belə ki, ölkəmizin dinamik inkişafı, iqtisadi müstəqilliyimizin təmin olunması, güclü ordu quruculuğu, beynəlxalq münasibətlərdə Azərbaycanın milli maraqlarının müdafiəsi və təmin edilməsi bu baxımdan xüsusi qeyd edilməlidir. Həmçinin, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsində hüquqi baza rolunu oynadı. Xüsusilə, qələbənin əldə olunmasında xalqımızın cənab Prezidentin siyasətini birmənalı olaraq dəstəkləməsi, ölkəmizdə milli birliyin mövcudluğu qələbəmizi şərtləndirən amillər sırasındadır.
Ötən dövr ərzində işğalçı Ermənistanın bütün regional layihələrdən kənarda saxlanılmasına nail olundu ki, bununla da, iqtisadi cəhətdən çökən, dalana dirənən Ermənistan sosial-iqtisadi böhran məngənəsindən xilas ola bilmədi. Nəticədə 44 günlük müharibə zamanı erməni ordusu darmadağın edildi. Öz havadarlarından pulsuz aldığı silahlar da Ermənistana kömək edə bilmədi.
Prezident çıxışında bir sıra maraqlı və vacib məqamlara toxundu ki, onlardan da biri mərhum prezidentimiz Heydər Əliyevin SSRİ rəhbərliyindən istefasından sonra ermənilərin aktiv şəkildə Qarabağ məsələsini gündəmə gətirməsi ilə bağlı idi. Doğurdan da 1987-ci ildə Ulu Öndərin vəzifədən uzaqlaşmasından sonra ermənilərin əlinə fürsət düşdü və onlar bu fürsətdən maksimum şəkildə istifadə etdilər. Ulu Öndərin istefasından iki həftə keçməmiş Qorbaçovun müşaviri olmuş Aqanbekyan Fransa qəzetinə müsahibə verərək Dağlıq Qarabağın Ermənistana birləşməsinin vacibliyini bildirdi.
Doğurdan da ermənilər hesab edirdilər ki, artıq Heydər Əliyevin proseslrə təsir imkanları məhdudlaşdırılıb və onlar asanlıqla Qarabağı ələ keçirə bilərlər. Ona görə də Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri Aqambekyan ilk dəfə Fransada bu məsələni qaldırmaqla prosesə start verdiyini zənn etdi. Ancaq ermənilər yenə səhf etmiş, Heydər Əliyev faktorunu düzgün qiymətləndirə bilməmişdilər.
Prezident açılış nitqindəki digər vacib bir məqam beynəlxalq təşkilatların tutduğu mövqe ilə bağlı oldu. O bildirdi ki, «Müharibə gedə-gedə bizə qarşı sanksiyalar tətbiq etmək istəyirdilər. Biz öz torpağımızda vuruşuruq. Biz öz ərazi bütövlüyümüzü bərpa edirik. Bizə qarşı sanksiyalar tətbiq etmək ədalətsizlikdir, vicdansızlıqdır. Kim idi bunları təşkil edən? Minsk qrupuna həmsədrlik edən ölkələr. Kim bunun qarşısını aldı? Bizə dost olan ölkələr, Qoşulmama Hərəkatına üzv olan ölkələr». Prezident bu çıxışı ilə növbəti dəfə ATƏT-in Minsk qrupunun həmsədrlərinin 28 illik fəaliyyətsizliklərinin mahiyyətini açıqlamış oldu.
Dövlət başçısının Parkın açılışında qeyd etdiyi kimi, biz döyüşərək, vuruşaraq, qan tökərək tarixi ədaləti, ərazi bütövlüyümüzü bərpa etdik, düşməni torpaqlarımızdan qovduq. Parkda müharibənin hər bir anını əks etdirən eksponatların vasitəsilə İkinci Qarabağ müharibəsinin həqiqətləri bura üz tutan vətəndaşlara çatdırılacaq. Xalqımız bir daha Vətən müharibəsində Qələbəmizin heç də asanlıqla əldə edilmədiyinin şahidi olacaq. Digər tərəfdən də heç şübhəsiz ki, Bakıda Hərbi Qənimətlər Parkının açılışı Azərbaycan həqiqətlərinin dünyada təbliği işinə böyük töhfə olacaq”.



