Azərbaycanda vaksinasiyadan sonra toylara icazə veriləcək?

34

Yanvar ayının 18-dən ölkədə koronavirus əleyhinə vaksinasiyaya start verilib.

mobilmedia.az xəbər verir ki, vaksinasiyanın başlanması ötən ilin mart ayından etibarən keçirilməsinə qadağa qoyulan toyları, kütləvi tədbirləri yenidən gündəmə gətirib.

Evlənmək planı quranlar, şadlıq saraylarında çalışanlar sənətçilər və toylardan qazanan digər sahənin adamları qadağaların götürüləcəyi günü gözləyirlər. Bəzi iddialara görə, vaksinasiyanın müəyyən mərhələsindən sonra- may ayından etibarən toy-düyünlərə start veriləcək.

Bəs, həqiqətən belədirmi?

Musavat.com-a danışan Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, toylara qoyulan qadağanın götürülməsi ilə bağlı rəsmi qərar yoxdur:

“Hazırda toylarla bağlı məsələnin gündəmdə olub-olmaması ilə bağlı məndə məlumat yoxdur. Toylara qoyulan qadağanın götürülməsi ilə bağlı rəsmi məlumat olan zaman bunu açıqlayacağam”.

Deputat Fazil Mustafa qeyd edib ki, artıq toylara qoyulan qadağalar götürülməlidir:
“Düşünürəm ki, artıq toylara start verilməlidir. Az qonaqla, müəyyən qaydalar çərçivəsində toylar keçirilməlidir. Mənə görə toyları saxlamağın heç bir mənası yoxdur”.

Sənət adamları da toyların olmamasından narazıdır. Müğənni Murad Arif Musavat.com-a açıqlamasında bildirib ki, artıq el şənliklərinə qoyulan qadağa aradan qaldırılmalıdır:

“Mən hesab edirəm ki, toylar ümumiyyətlə, təhlükə mənbəyi deyil. Yəni, ən azı bu, ictimai nəqliyyatdan təhlükəli deyil. Məclislərlə yanaşı, kinoteatrlar və idman zallarını da açmaq lazımdır. Yoxlamalarla, qızdırma ölçməklə insanların bu məkanlara buraxılmasında heç bir problem görmürəm. Təsəvvür edin, onlarla cütlük mart, aprel, iyun, iyuldan günləri ötürə-ötürə qalıblar. İnsanlara, ailələrə nə boyda problem yaratdığımızı da düşünməliyik”.

Müğənni İzzət Bağırov bildirib ki, toyların başlamasını hər kəs kimi o da gözləyir:

“Artıq xəstəliyə yoluxanların sayı azalıb. İnsanlar da özlərini qorumağı bacarırlar. Biz birdən-birə hər şeyin əvvəlki kimi olmasını gözləyə bilmərik. Amma qaydalar çərçivəsində yaşamağa alışırıq. Bir ilə yaxındır ki, toylara qadağa qoyulub. Tək sənətçilər yox, minlərlə insan toylardan gəlir əldə edir. Günlük maaşa işləyənlər var. Məncə, qaydalar çərçivəsində toylara icazə verilməlidir”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin