
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibəti ilə Ağcabədi rayon Şəhidlər Xiyabanında sərgi təşkil olunub.
mobilmedia.az xəbər verir ki, sərgidə Vətən müharibəsində qəhrəmancasına həlak olmuş Ağcabədi şəhidlərinin hər birinin portreti və şərəfli ömür yolu haqqında məlumatlar yer alıb. 28 dekabr 2020-ci il tarixdə Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynovun və hüquq-mühafizə orqanlarının rəhbərlərinin iştirakı ilə Şəhidlər Xiyabanı ziyarət olunub, sərgiyə baxış keçirilmiş, Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsi ehtiramla yad edilərək, önünə tər qərənfillər düzülüb.
Sərgi rayon sakinləri tərəfindən böyük rəğbətlə qarşılanıb. Şəhidlər Xiyabanı hər gün ziyarət olunur, şəhidlərin portretləri və şəhid məzarları önünə çiçəklər düzülür.
Qeyd edək ki, I Qarabağ müharibəsində Ağcabədi rayonundan 177 nəfər, II-ci Qarabağ müharibəsində isə 41 nəfər şəhid olub.
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz:
055-212-35-55 WHATSAPP











