
“Son günlər dünyada və ölkəmizdə koronavirusla bağlı statistikanın bir əvvəlki günlə müqayisədə rekord qırması heç də yaxşı nəticə deyil. Bu sadəcə yoluxanların və xəstəlikdən əziyyət çəkən insanların çoxluğu mənasına gəlmir. Eyni zamanda, zaman içərisində yoluxan və sağalan xəstələrin arasında olan disbalansa bağlı olaraq xəstəxanalarda çarpayıların tükənməsinə, vəziyyət ağırlaşan zaman rahat bir şəkildə xəstəxanaya gedərək lazım olan oksigen terapiyası almaq istəyən xəstələrin çarəsiz vəziyyətə düşməsinə gətirib çıxaran hadisələrdir”.
mobilmedia.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu sözləri Milli Məclisin Səhiyyəsinin komitəsinin üzvü, tanınmış ürək-damar cərrahı Rəşad Mahmudov deyib. Onun sözlərinə görə, hadisələrin gedişatını bu cür gördükdə hər bir insan, eləcə də səhiyyə eksperti olaraq biz çox narahat oluruq:
“Bunlar tək ölkəmizdə deyil, həm də dünya ölkələrində baş verən amillərdir. Ölkələrin milli səhiyyə sisteminin çökməsi bu gün inkişaf etmiş ölkələr, həm də digər ölkələr üçün yenə aktualdır. Belə bir zamanda cəmiyyətin hər bir üzvü daha çox həmrəy olub ağıl və məntiqin bizə diktə etdiyi reallıqlara uyğun olaraq addımlar atmalıdır. Bu məsələdə daha çox diqqətli olmalıyıq. Artıq Covid-19-un vermiş olduğu sosial, iqtisadi, mədəni zərərlər bir tərəfə qalsın, bunun həyatımız və sevdiklərimiz üçün çox böyük təhlükə olduğu göz qabağındadır. Bütün bunları görən hökumət və Operativ Qərargah xəstəxanada olan resursların tükənməyə getdiyini gördükləri zaman daha sərt tədbirlər almaq məcburiyyətində qalacaq. Bunu heç bir dövlət, hökumət və Operativ Qərargah arzulamır. Ancaq cəmiyyətdə aparılan müşahidələr nəticəsində onların bu məsələyə reaksiyasının adekvat olmadığı görüldükdə dövlətlərin və hökumətlərin əlində başqa yol qalmır. O zaman tədbirlərin sərtləşdirilməsi, hüquq və azadlıqlarımızın məhdudlaşdırılmasına gətirən məcburi qərarlar vermək reallığı ilə üz-üzə qalacağıq. Bu qədər sərt rejimlərə keçilməsini arzu etməyən bir vətəndaş olaraq cəmiyyətə müraciət edirəm ki, sərt rejimə keçilməməsinin əsas səbəbi cəmiyyətin bu hadisəyə toplu olaraq verəcəyi reaksiyadan ibarətdir. Yəni cəmiyyət karantin rejiminin diktə etdiyi reallıqlara heç bir sərt karantin rejimi olmadan öz həyat tərzlərini ona uyğun bir şəkildə ortaya qoymalıdır”.




