
“McDonald’s”, “KingBurger” və “Papa John’s” şirkətlərinin Vətən savaşı günlərində Azərbaycana dəstək məqsədli postlarını sosial şəbəkədəki səhifələrindən silmələri barədə xəbər vermişdik.
Bu şirkətlərin sırasına daha biri də qoşulub. “Jonson&Jonson” şirkətinin Azərbaycanın işğal altındakı torpaqlarında Ermənistan tərəfindən yaradılan quldur separatçı rejimi maliyyələşdirdiyi iddia edilir.
Sosial şəbəkələrdə yayılan məlumata əsasən, şirkətin Böyük Britaniya bölməsinin maliyyə direktoru Ani Akopyan separatçı rejim üçün vəsait yığımı ilə bağlı paylaşım edib və yığılan pula “Jonson&Jonson” şirkəti tərəfindən 50% əlavə ediləcəyini bildirib.

Şirkətin rəsmi “Twitter” hesabında paylaşılan “tvit”də də separatçıların qondarma respublikasına dəstək ifadə olunur.

Bu addımla “Jonson&Jonson” Azərbaycanın mülki əhalisinə qarşı qadağan olunmuş kaset bombaları istifadə edən terroristik qurumu dəstəkləyir.
Azərbaycanlılar və Azərbaycanı dəstəkləyənlər A.Akopyanın bu addımının araşdırılması və aksiyanın dayandırılması ilə bağlı “Jonson&Jonson” şirkətinə məktublar ünvanlayıblar.
Əks halda, şirkətin istehsal etdiyi bütün mallarının Azərbaycana idxalının qadağan edilməsi və ölkədəki məhsullarının satışının boykotu təklif edilir.
Sosial şəbəkələrdə bu şirkətlərin boykot edilməsi ilə bağlı paylaşımlar böyük sürətlə yayılır.
Gündəmdə olan boykot sözünün mənası nədir, bu ifadə haradan gəlir?
mobilmedia.az boykot sözünün maraqlı tarixi haqqında faktları təqdim edir:

Boykot sözünün mənşəyi İrlandiyaya aiddir. 1870-ci illərdən etibarən, İrlandiyanın kənd yerlərində torpaqları əkib-becərən insanlarla torpaq sahibi olan ingilis lordları (Böyük Britaniyada zadəgan titulu) arasında gərginlik başlayıb.
1873-cü ildə kapitan rütbəsi ilə ingilis ordusundan təqaüdə çıxan Çarlz Boykot , İrlandiyanın Mayo şəhərindəki Lough Mask bölgəsində Lord Ernenin mülklərini idarə etməyə başlayıb.
O dövrdə İrlandiyadakı ərazilərin əksəriyyəti ingilislərin idi və ingilislər torpaqlarını təsərrüfat işləri üçün irlandiyalılara icarəyə verirdilər. Çarlz Boykot Lord Erne adına icarə pullarını yığırdı. Bu sistemdə uzun müddət heç bir problem olmadı. Lakin işlər 1880-ci ildə dəyişdi.
1880-ci ildə İrlandiyada torpaq islahatları aparmağa çağıran Çarlz Boykotun işçiləri, kəndliləri donluqlarını artırmağı tələb etməyə çağırıb. Ancaq Boykot nəinki maaşları artırmayıb, etiraz edən kəndliləri işdən qovub. Konflikt də bundan sonra başlanıb. Məcbur olub əkin-biçin sahələrinə ailəsi ilə çıxan Boykotun canı bununla da qurtarmayıb. Kəndlilərə etdiyi əziyyətə görə, dükan-bazarda ona mal satılmayıb, poçtalyon onun ailəsinə məktub gətirməyib, qonşular salamını almayıb.

Bu vəziyyət qarşısında qalan Boykot çıxış yolunu şəhərdən gətirilən işçiləri işlətməkdə görüb. Lakin bu da onun üçün çıxış yolu olmayıb.
Bir neçə il müqavimət göstərən, müflisləşib İrlandiyanı tərk edən Boykotun başına gələn bu hadisə sonradan “boykot” kimi xatırlanıb. Həmin hadisəyə “boykot” adını verməksə yerli ruhaninin ağlına gəlib. Bu söz Avropada müxtəlif dillərə keçə-keçə o çağlaracan işlək olan yunan termini “ostrakizm”i əvəzləyib.
Bütün bu olanlardan sonra İngiltərə yeni bir torpaq qanunu qəbul edib. Daha sonra bu proseslə bağlı məhkəmələr yaradılıb və İrlandiyada torpaq icarəçiləri ilə torpaq mülkiyyətçiləri üçün yeni təkmilləşdirilmiş şərtlər qəbul edilib.

Onu da qeyd edək ki, adı “boykot” olmasa da, ümumilikdə, bu prosesin tarixi daha qədimdir. Məsələn, hələ bu termin yaranmazdan xeyli əvvəl – 1767-ci ildə Şimali Amerikada çay və bir neçə başqa mala xüsusi rüsum tətbiq edildiyindən Britaniya mallarını almaqdan kütləvi şəkildə imtina edilib. Boykot nəticə verib – Britaniya ticarəti axsamağa başlayıb və ədalətsiz rüsumlar ləğv edilib.
Son olaraq onu da qeyd edək ki, ölkəmizdəki sözügedən şirkətlərə qarşı Azərbaycan vətəndaşlarının bu mövqeyi başadüşülən və qəbulediləndir. Hər birimiz bu çağırışa qoşulmalı və dəstəyimizi ortaya qoymalıyıq.(musavat.com)





