
Ölkəmizin Vətən Müharibəsinə başladığı gündən etibarən Azərbaycan xalqı dünyanın harasında yaşamasından asılı olmayaraq, öz həmrəyliyini və birliyini göstərməkdə davam edir.
mobilmedia.az xəbər verir ki, hər kəs bir yumruq kimi birləşərək bu savaşda Ali Baş Komandanımızın ətrafında bütöv bir xalq olaraq birləşib. Bu gün hər kəs ön və arxa cəbhəyə əlindən gələn dəstəyi göstərməkdə davam edir. İnsanlar fərdi və toplum şəklində birləşərək əsgərlərimiz və əsgər ailələri üçün, həmçinin evləri düşmən bombalarından dağılmış insanlar üçün öz dəstəklərini əsirgəmirlər.

Bu cür dəstək aksiyasının təşkilatçılarından biri də xarici ölkələrdə yaşayan həmyerlilərimiz olan xanımlardır. Belə ki, “Azerbaijani Ladies Club”un rəhbəri Kamalia Ceylinova, “SAF”ın rəhbəri Sevda Dadaşova (İsveç-Azərbaycan dostluq cəmiyyəti) və “Tovuz Baltiya MMC”nin rəhbəri Günel Məmmədhəsənovanın birgə təşkilatçılığı ilə əsgərlərimizə dəstək aksiyası mütəmadi olaraq davam etdirilir. Budəfəki aksiyanin əhatə dairəsi isə daha da genişləndirilib. Dəstək aksiyasından əsgərlərimizlə yanaşı, onların ailələri, cəbhə zonasında yaşayan, evləri düşmən təxribatı nəticəsində dağılmış mülki vətəndaşlarımız da yararlanırlar.
Azərbaycan Ordusunun erməni təxribatlarına qarşı başladığı uğurlu əks-hücum əməliyyatlarına təkcə ölkə vətəndaşları deyil, həm də dünyanın müxtəlif ölkələrində yaşayan həmyerlilərimiz dəstək verir. Yüksək səviyyədə maddi-texniki baza ilə təmin olunan ordumuzun maddi yardıma ehtiyacı olmasa da, xalqımız həmrəylik nümayiş etdirərək, əsgərlərimizə dəstək olmaqda davam edir.
Qeyd edək ki, dünyanın 32 ölkəsində yaşayan Azərbaycan xanımlarını təmsil edən “Azerbaijani Ladies Club”u və “SAF” təşkilatına edilən ianələr hesabına humanitar yardımlar da həyata keçirilir. Yığılan vəsait hesabına mülki vətəndaşlara və əsgər ailələrinə maddi yardım edilir, həmçinin “Tovuz Baltiya”nın təşəbbüsü ilə əsgərlərimizə isti geyim, ərzaq və tibbi vəsaitlər göndərilir.

Bu günə qədər 100 əsgərə sovqat, onlarla əsgər ailələrinə isə maddi və qida yardımları edilib. Aksiyaya həmçinin mobilmedia.az saytının təsisçisi və baş redaktoru, əmlak eksperti Elnur Fərzəliyev də qoşularaq, onlarla əsgər ailələrinə öz dəstəyini göstərməkdə davam edir.
Aksiya soydaşlarımız tərəfindən müharibə bitənə qədər davam etdiriləcək. Bu cür aksiyaların əsas məqsədi xalqımıza öz həmrəyliyimizi göstərmək və Ali Baş Komandanımızın ətrafında sıx birləşməyimizin bariz nümunəsidir.









