Jurnalistlər üçün tikilmiş mənzillər satışa çıxarılsın

39

Jurnalistlər üçün nəzərdə tutulan yeni bina ilə nə edək?
Jurnalistlərin fəaliyyətinə görə ev ilə mükafatlandırılması praktikası yaranan vaxtdan həmişə bunun əlehinə olmuşam. Düşünürəm ki, jurnalist belə bir bahalı hədiyyə qəbul edirsə, demək, müəyyən öhdəlik də qəbul edir. Bu öhdəlik peşəkar fəaliyyətə, əlbəttə ki, mane olacaq.
Heç vaxt jurnalistlər üçün nəzərdə tutulan evə sahib olmaq üçün müraciət etməmişəm və etməyəcəyəm də. Baxmayaraq, həmin evlər verilən vaxtlarda kifayət qədər iddialı və nüfuzlu KİV-lərə rəhbərlik edirdim.
Onu da deyim ki, kim müraciət edərək ev alıbsa, kimə ev veriblərsə də, həmin həmkarlarımı həmişə təbrik etmişəm. Bir çoxlarının jurnalistikada xidmətləri danılmazdır.
Əlbəttə ki, evlərin layiqli və ehtiyacı olan insalarlara çatmasında həmişə problemlər olub. Bu haqda dəfələrlə vaxtilə və indi yazılıb. Məhz evlərin məlum və naməlum kriteriyalarla bəxşiş edilməsinin düzgün praktika olmaması bu nöqsanlara gətitib çıxarıb.
Jurnalistlər cəmiyyətimizdə niyə imtiyazlı təbəqə olmalıdır? Məncə olmalı deyil. Ona qalsa, cəmiyyətimizdə imtiyaz almağa iddialı təbəqə çoxdur. Müəllim, yanğınsöndürən, həkim, riskli sahələrdə çalışanlar və s. İndi hər peşə sahibinə dövlət niyə imtiyaz verməlidir? Onlara belə bahalı hədiyyə etməlidir?
Bilirik ki, jurnalistlər üçün nəzərdə tutulan yeni bina hazırdır. Dövlətimiz də əvvəlki pratikanın uğursuz olduğunu nəzərə alaraq hələ ki, evləri jurnalistlərə təqdim etməyib. Görünən odur ki, bu əvvəlki qayda ilə olmayacaq.
Mən nə təklif edərdim? Binanın tikilməsinə çəkilən xərc bəllidir. Bu xərci nəzərə alıb həmin evləri müsabiqə yolu jurnalistlərə faizsiz ödənişlə və ödənişləri 20-25 illik müddətə bölərək satsınlar. Müsabiqə şəffaf olsun, yalnız jurnalistlər iştirak etsinlər. Müəyyən iştirak meyarları da müəyyən edilməklə.
Satışdan əldə olunan vəsait isə yönləndirilsin yenə jurnalistlərə dəstək üçün proqramlara, digər müsabiqələrə, peşə vərdişlərinin artırılması layihələrinə və s.
Bu bir variantdır. Bəlkə rəsmilərimizdə başqa variantlar da nəzərdən keçirilir. Belə olarsa, jurnalistlər arasında mübahisələrə, qarşılıqlı nifrətə son qoyular. Hamı üçün bərabər imkanlar yaradılar. Jurnalistlər halal zəhmətləri ilə ev almış olarlar, mənzil şəraitlərini yaxşılaşdırarlar.
İndi bəziləri deyəcək ki, elə jurnalistlər var ki, heç belə şərtlərə də hazır deyillər. Ancaq bir şeyi unutmaq lazım deyil cənablar. Əgər jurnalist çalışdığı sahədə kifayət qədər maaş əldə edə bilmirsə, peşəsini dəyişə bilər. Daha perspektivli işlə məşğul ola bilər. İndi hamı üçün çətindir. Həkimə, müəllimə də ev verən yoxdur. Bazar iqtisadiyyatı şəraitində yaşayırıq.(dominant.az)
Seymur Teymurov

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin