
Tərtər rayonunda keçmiş əri qadını boğaraq öldürüb.
Tərtər rayon prokurorluğundan mobilmedia.az-a daxil olan məlumata görə, 6 sentyabr saat 05:00 radələrində Tərtər rayonu, Şıxarx kəndi ərazisində kənd sakini 1990-cı il təvəllüdlü Röyalə Tağıyevanın yaşadığı evdə meyiti aşkar edilib. Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılan araşdırmalar nəticəsində zərərçəkmişin keçmiş əri 1984-cü il təvəllüdlü Səlim Əsədovun qısqanclıq zəminində aralarında yaranmış münaqişə zamanı Röyalə Tağıyevanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Tərtər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Səlim Əsədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.




